NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ KƏNGƏRLİ RAYONUNDA KEÇİRİLİB
10.03.2021
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Kəngərli Rayonunun Yurdçu kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar - müşavirəni giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağa Seyidov açaraq Rayonun muxtar respublikada kənd təsərrüfatı sahəsindəki rolundan, qazanılmış nailiyyətlərdən, eləcə də keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verib.
Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə, uzun müddət əkin dövriyyəsindən kənarda qalmış torpaqların münbitləşdirilməsinə və yenidən əkin dövriyyəsinə qatılması qarşıda duran başlıca vəzifədir.
Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Fəxrəddin Əliyev şoranlaşmaya meyilli torpaqlarda pestisid yükünün minimum səviyyəyə endirilməsi, şoran, eləcə də fiziki-kimyəvi cəhətdən əlverişli olmayan torpaqların yuyulması və yararlı vəziyyətə gətirilməsindən, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqindən bəhs edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı məsləhətçisi Damət Süleymanov torpağın münbitliyinin bərpası məqsədilə yay və qış otlaqlarında, kəndətrafı örüş sahələrində eroziyanın və səhralaşmanın, habelə ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin qarşısının alınması, bitki örtüyü zəif inkişaf etmiş ərazilərin təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılmasından və münbitliyin artırılması sahəsində tədbirlərin həyata keçirilməsindən danışıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin baş müfəttişi Rüstəm Rüstəmov qrunt sularının səviyyəsinin yüksək olduğu ərazilərdə yeni drenaj-kollektor şəbəkələrinin tikintisinin aparılması, mövcud kanallarda su sızmalarının qarşısının alınması, düzgün ottarlalı növbəli əkin sisteminin də tətbiq edilməsi barədə məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Baxılıb: 294