Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - AİLƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

AİLƏ TƏSƏRRÜFATLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

17.02.2021

17 fevral 2021-ci il tarixdə Culfa rayonunun Əbrəqunus kəndində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, AMEA Naxçıvan Bölməsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib.

Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Valeh Kəngərli açaraq muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oktay Məmmədov daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, eləcə də əkin atlaslarına uyğun əkinlərin aparılmasının əhəmiyyəti, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələbləri barədə təsərrüfat sahiblərinə məlumat verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, maarifləndirici bukletlər təqdim olunub.

Baxılıb: 367