Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI SEMİNAR – MÜŞAVİRƏ KEÇİRİLİB

TORPAQLARIN MÜNBİTLİYİNİN ARTIRILMASI İLƏ BAĞLI SEMİNAR – MÜŞAVİRƏ KEÇİRİLİB

16.02.2021

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Şahbuz rayonunda Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar - müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov bildirb ki, torpaqların münbitliyinin azalmasının qarşısını almaq üçün ilk növbədə suvarma düzgün təşkil olunmalı, taxıl əkinində şırım üsulu ilə əkinə diqqət yetirilməli, aqro texniki tədbirlərin düzgün aparılması, üzvi və mineral gübrələrin vaxtında və normada verilməsinə xüsusi diqqət yetirilməli, növbəli əkin sistemi tətbiq olunmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Tural Əsgərov torpaqların məişət və kimyəvi tullantılarla çirkləndirilməsi, eyni zamanda yay otlaqlarında heyvanların normadan artıq otarılması və hava şəraitinin nəzərə alınmaması səbəbindən səhralaşmaya gətirib çıxarması kimi halların nəticədə, torpaqların münbitliyinin azalmasına səbəb olduğu barədə məlumat verib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının vacib şərtlərindən biri də torpağın əsas xassəsi olan münbitliyin təmin edilməsidir. Bu məqsədlə muxtar respublika ərazisində müəyyən səbəblərdən əkin dövriyyəsindən kənarda qalmış torpaq sahələri müəyyən edilmiş, xəritələşdirilmiş və təhlil materialları hazırlanmışdır. Qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi gələcəkdə muxtar respublika ərazisində mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə, uzun müddət əkin dövriyyəsindən kənarda qalmış minlərlə hektar torpağın münbitləşdirilməsinə və yenidən əkin dövriyyəsinə qatılmasına səbəb olacaqdır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Baxılıb: 373