KOMİTƏNIN KOLLEKTİVİ HÜSEYN CAVİDİN EV MUZEYİNDƏ OLUB
25.02.2019
Fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri görkəmli şair və dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev muzeyini və xatirə kompleksini ziyarət ediblər.
Məlumat verilib ki, muzey 1982-ci ildə ədibin anadan olmasının 100 illiyi ilə əlaqədar onun yaşadığı evdə yaradılıb. Tanışlıq zamanı muzeydə qorunub saxlanılan müxtəlif fotoşəkillər, ədibin əsərlərinin ilk nəşrləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidə və qızı Turan Cavidə aid materiallar əməkdaşlarda dolğun təəssürat yaradıb.
Ziyarət zamanı böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun zəngin irsinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs olunub. Bildirilib ki, ulu öndərin təşəbbüsü və böyük qayğısı nəticəsində 1982-ci ilin noyabr ayında ölməz şairin nəşi uzaq Sibirdən Naxçıvana gətirilib, burada dəfn olunaraq xatirəsi əbədiləşdirilib. 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə ədibin məzarı üzərində əzəmətli məqbərə ucaldılıb. Cavidlər ailəsinin bütün üzvləri həmin məqbərədə uyuyur.