AĞBULAQ KƏND TURİZM-İSTİRAHƏT BÖLGƏSİNDƏ DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN PASPORTLAŞDIRILMASI BAŞA ÇATDIRILIB
28.02.2019
2018-ci il dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə turizm istirahət bölgəsinin torpaq ehtiyatlarının qorunması və səmərəli istifadəsinin təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması, bütün tikintilərin layihə əsasında aparılması və pasportlaşdırılması ilə bağlı tapşırıqlar vermişdir.
Verilmiş tapşırıqların icrasını təmin etmək üçün kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilmiş, torpaq ehtiyatlarının qorunması və səmərəli istifadə edilməsi sahəsində qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılmışdır.
Ağbulaq kəndində torpaq sahələrinin ölçülərinin dəqiqləşdirilməsi başa çatdırılmış, 157 daşınmaz əmlak obyekti plana alınaraq kəndin yeni yerquruluşu xəritəsi hazırlanmışdır. Torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasındakı mövcud uyğunsuzluqlar müəyyənləşdirilmiş, qanununvericiliyə uyğun aradan qaldırılmışdır. Tikililərin kütləvi texniki inventarlaşdırılması aparılmış və pasportlaşdırılması üçün ölçüləri dəqiqləşdirilmişdir. Komitənin səyyar xidmət qrupu tərəfindən texniki sənədlərin hazırlanması və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün yaşadıqları ərazidə vətəndaşların müraciətləri qəbul edilmişdir.
Artıq Ağbulaq kəndində tikililərin pasportlaşdırılması tam başa çatdırılıb. Fevralın 28-də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu yeni hazırlanmış mülkiyyət sənədlərini kənd sakinlərinə təqdim edib. 65 fərdi yaşayış evinin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib, yardımçı tikililər inventarlaşdırılıb.
Qeyd edək ki, kənddə aparılan kompleks quruculuq işlərinin davamı, vətəndaşlara göstərilən dövlət qayğısının daha bir ifadəsi olaraq kənd sakinlərinə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının ilkin qeydiyyatı və inventarlaşdırılması tamamilə dövlət hesabına həyata keçirilmişdir.
Baxılıb: 682