DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN İNVENTARLAŞDIRILMASI MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB
18.02.2019
Fevralın 16-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində Komitənin rayon (şəhər) idarələrinin əməkdaşları üçün daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması mövzusunda qısamüddətli təlim keçirilib. Tədbiri Komitənin sədri Müslüm Cabbarzadə açıb.
Bildirilib ki, Komitə əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə vaxtaşırı təlim və treninqlər təşkil olunur. Bu günkü təlim də Komitənin rayon (şəhər) idarələrinin əməkdaşlarının daşınmaz əmlakın inventarlaşdırılması, daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin hazırlanması istiqamətində biliklərinin təkmilləşdirilməsi və bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
Komitənin Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyev daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.
Daşınmaz əmlakın inventarlaşdırılmasına və qiymətləndirilməsinə nəzarət sektorunun müdiri Taleh Quliyev daşınmaz əmlakın inventarizasiyasının mahiyyəti və əsasları ilə bağlı əyani vasitələrlə təlim iştirakçılarına geniş məlumat verib. Daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin hazırlanması zamanı texniki tələblər, binaların ümumi sahəsinin və həcminin hesablanması qaydaları, sənədlərin hazırlanması zamanı rast gəlinən uyğunsuzluqların həlli yolları nümunələrlə təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, əməkdaşların sualları cavablandırılıb.