ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLİB, QARŞIDA DURAN VƏZİFƏLƏR MÜƏYYƏNLƏŞDİRİLİB
15.01.2021
Yanvarın 15-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 2020-ci il ərzində görülmüş işlər və 2021-ci ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. İclası xidmətin rəisi Müslüm Cabbarzadə açaraq bildirib ki, muxtar respublikada torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi il ərzində diqqətdə saxlanılıb.
Göstərilən dövlət qayğısı sayəsində informasiya infrastrukturunun kəsintisiz enerji ilə təmin olunması üçün yeni güc avadanlığı alınıb, mərkəzləşdirilmiş antivirus sistemi qurulub.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması üzrə əsas işlər yekunlaşdırılıb, sistem sınaq rejimində istifadəyə verilib. Muxtar respublikanın bütün yaşayış məntəqələrində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, il ərzində 7157 daşınmaz əmlak obyekti plana alınıb.
Qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq Şərur rayonunun 6, Kəngərli rayonunun 3 bələdiyyəsinin torpaqların qida maddələri ilə təmin olunmasına dair yeni kartoqramları hazırlanıb. Şərur rayonunun 5, Babək rayonunun 2, Ordubad rayonunun 3, Şahbuz rayonunun 3, Kəngərli rayonunun 4 bələdiyyəsi üzrə işçi planlar hazırlanaraq torpaq analizlərinin aparılması üçün təhvil verilib.
Naxçıvan şəhəri üzrə 35 nəqliyyat infarstukturu obyektində 4000-ə yaxın daşınmaz əmlak obyektinin ünvanı dəqiqləşdirilib. İl ərzində yeni yaranmış 295 daşınmaz əmlak obyektinə ünvan verilib.
Şərur rayonu üzrə 23 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri tərtib edilərək aidiyyəti üzrə təqdim olunub. Şahbuz və Sədərək rayonlarının bütün bələdiyyələri üzrə xəritələrin və yerquruluşu sənədlərinin hazırlanması başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənaye və təhsil müəssisələrinin xəritələri tərtib olunub, muxtar respublikanın bütün şəhər və rayonları üzrə istirahət parkları və meydanların planları, suvarılan torpaq sahələrinin xəritələri hazırlanaraq toplu şəklində nəşr edilib, aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilib.
İl ərzində 173 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Qeyd edilib ki, 2020-ci il ərzində muxtar respublika üzrə 6223 daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da 2019-cu ilin göstəricisindən 1,8% çoxdur. 4939 texniki sənəd hazırlanıb, 1011 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. 299 əmlak real bazar dəyərinə uyğun qiymətləndirilib, 1808 əmlakın bazar dəyəri məlumat bankına daxil edilib. Ümumilikdə, il ərzində daşınmaz əmlakla bağlı əməliyyatların aparılması üçün qəbul edilmiş 14583 ərizə icra olunub.
Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər zamanı aşkar edilmiş torpaqlardan qanunsuz istifadə ilə bağlı faktların qanunvericiliyin tələblərinə uyğun aradan qaldırılması istiqamətində iş aparılıb.
Hesabat dövründə hüquqların dövlət qeydiyyatına alınması üçün fəaliyyət istiqamətləri üzrə göstərilən elektron xidmətlərdən 453 müraciət daxil olub və icra edilib.
Hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrə onlayn və praktiki təlim-məşğələlər keçirilib. Yay tətili müddətində bir tələbə 3 aylıq əmək müqaviləsi bağlanılmaqla işlə təmin edilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, Xidmətin 2021-ci il üçün “İş planı” təsdiq olunub.
Baxılıb: 350