“NAXÇIVAN MUXTAR RESPUBLİKASININ TƏHSİL MÜƏSSİSƏLƏRİ (XƏRİTƏLƏR)” KİTABININ TƏQDİMATI KEÇİRİLİB
13.01.2021
Yanvarın 12-si Naxçıvan Dövlət Texniki Kollecində “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, hazırda muxtar respublikada 3 ali, 4 orta ixtisas, 212 orta, 5 peşə, 20 məktəbdənkənar təhsil müəssisələri, 8 Uşaq-Gənclər Şahmat Məktəbi, 8 Uşaq-Gənclər İdman Məktəbi, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Göstərilən diqqət və qayğı sayəsində ötən müddət ərzində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi, o cümlədən məktəbəqədər və məktəbdənkənar təhsil, peşə təhsili, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilib istifadəyə verilmişdir.
Vurğulanıb ki, muxtar respublikada yeni tipli təhsil müəssisələrinin yaradılması da diqqətdə saxlanılır. 1992-ci ildən Qızlar liseyi, 2004-cü ildən isə Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan orta məktəb fəaliyyətə başlamışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey, 4 avqust 2020-ci il tarixli Sərəncamı ilə isə Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Lisey yaradılmışdır.
Təhsil naziri bildirib ki, məktəblərimizdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanmış, təhsil müəssisələrində şagird, tələbə və müəllimlər üçün vahid geyim forması tətbiq edilmiş, qabaqcıl tədris metodlarının, o cümlədən STEAM təlim metodunun tətbiqinə başlanılmışdır. 2014-cü ildən interaktiv, 2015-ci ildən isə elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslər keçirilməyə başlanılmış, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant audio və elektron kitabxana yaradılmışdır.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı muxtar respublikanın təhsil potensialını tam əks etdirir. Kitab bir bələdçi rolunu oynamaqla, eyni zamanda təhsil müəssisələrinin mövcud vəziyyəti ilə də bağlı ilkin informasiya əldə olunması baxımından əhəmiyyətlidir. Kitabın əhəmiyyəti nəzərə alınaraq elektron versiyası Təhsil Nazirliyinin saytına da yerləşdirilmişdir. Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafına, göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin tapşırığı ilə mühüm elmi, tədris və praktiki əhəmiyyəti olan bir çox xəritə və atlaslar hazırlanaraq yüksək keyfiyyətlə çap edilmişdir. Naxçıvan Tarixi Atlası, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Atlası, muxtar respublikanın rayonları üzrə əkin atlasları, suvarılan torpaq sahələrinin xəritələri toplusu və s. bu kimi nəşrlər müxtəlif peşə sahibləri üçün qiymətli informasiya mənbəyi rolunu oynayır. Muxtar respublikanın təhsil müəssisələrinin xəritələri toplusu qiymətli informasiya mənbəyi olmaqla kartoqrafik nəşrlərin zənginləşdirilməsinə xidmət edir. Xəritələr muxtar respublikanın ərazisi üzrə təhsil müəssisələrinin yerləşməsini və sıxlığını vizual olaraq nümayiş etdirir. Bu xəritələrdən həm də interaktiv şəkildə istifadə etmək mümkündür.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə İnstitutunun direktoru Cəfər Əliyev çıxış edərək kitabın ərsəyə gəlməsi ilə bağlı görülən işlərdən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (Xəritələr)” kitabını slayd vasitəsi ilə təqdim edib. Bildirilib ki, Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində nəfis şəkildə nəşr olunan kitab 7 bölmə, 63 səhifədən ibarətdir. Kitabda 15 xəritə, 163 fotoşəkil yerləşdirilmiş və muxtar respublikada fəaliyyət göstərən ali, orta ixtisas, orta, peşə və məktəbdənkənar təhsil müəssisələri, o cümlədən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin adları, xəritə üzrə yerləşməsi və müasir görüntüləri yer almışdır.
Baxılıb: 411