Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏ DİQQƏTDƏ SAXLANILIR

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏ DİQQƏTDƏ SAXLANILIR

08.01.2021

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət dekabr ayında da diqqətdə saxlanılmış, bir sıra tədbirlər həyata keçirilmişdir.

Torpaqların elektron kadastr uçotunun aparılması üçün Culfa bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılmışdır. Sədərək rayonu üzrə həyətyanı və pay torpaq sahələrinə dair məlumatların miqrasiyası başa çatdırılmış, elektron kadastr xəritəsi tərtib edilmişdir.

Əkin atlaslarına uyğun əkinlərin aparılmasına nail olunması, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi məqsədilə Culfa, Şahbuz və Kəngərli rayonlarında maarifləndirici tədbirlər keçirilmişdir. Şahbuz rayonunun Şahbuz, Nursu, Türkeş, Keçili və Mahmudoba bələdiyyələri üzrə yenilənmiş torpaqların qida maddələri ilə təminolunma kartoqramları müvafiq bələdiyyələrə təqdim olunmuş, onlara kartoqramlardan istifadə qaydaları izah edilmişdir.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə ay ərzində Şərur rayonunun Yengicə və Xələc, Kəngərli rayonunun Qarabağlar kəndlərində monitorinqlər başa çatdırılmışdır. Şərur rayonunun Maxta, Axaməd, Kərimbəyli və Kürçülü kəndlərində aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılmışdır.

Ötən ay 509 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 434 texniki sənəd hazırlanmış, yeni yaradılmış 31 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 121 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. 15 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.

“Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin müzakirəsi keçirilmiş, icrası ilə bağlı iş planı təsdiq edilmişdir.

Naxçıvan Dövlət Universitetinin xidmətin hamiliyinə verilmiş Torpaqşünaslıq və aqrokimya ixtisasında təhsil alan tələbələri ilə görüş keçirilmiş, Memarlıq, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisasları tələbələrinin xidmətin bazasında istehsalat təcrübəsi keçmələri təmin edilmişdir.

Baxılıb: 341