2018-Cİ İL ƏRZİNDƏ DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILIB
01.02.2019
Muxtar respublikada torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2018-ci il ərzində diqqət mərkəzində saxlanılmışdır.
Qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq Şərur rayonunun 8, Babək rayonunun 5, Şahbuz rayonunun 5, Culfa rayonunun 4, Ordubad rayonunun 3, Kəngərli rayonunun 3 bələdiyyəsinin torpaqların qida maddələri ilə təmin olunmasına dair yeni kartoqramları hazırlanmış, torpaq mülkiyyətçiləri ilə maarifləndirici tədbirlər aparılmışdır.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində və 26 küçədə ünvanlar dəqiqləşdirilmiş, Əziz Əliyev, Cəlil Məmmədquluzadə və Atatürk küçələrində yeni ünvan lövhələri və giriş nömrə nişanları quraşdırılmışdır. İl ərzində yeni yaranmış 665 daşınmaz əmlak obyektinə ünvan verilmişdir.
“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 02 aprel tarixli Fərmanına müvafiq olaraq müxtəlifmiqyaslı plan və kartoqrafik materiallar, bələdiyyə xəritələri elektron variantda hazırlanaraq Komitənin elektron məlumat bazasına yığılmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin ilkin variantı test rejimində istifadəyə buraxılmış, Komitənin elektron informasiya bazasında olan müxtəlif tipli məlumatlar yeni yaradılmış sistemə miqrasiya edilmişdir.İl ərzində Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələrində, Şərur rayonunun 34, Babək rayonunun 2 yaşayış məntəqəsində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmışdır. Muxtar respublika üzrə 20591 daşınmaz əmlak obyekti plana alınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində planaalma işləri aparılmış, 157 daşınmaz əmlak obyekti plana alınmışdır. Komitənin səyyar xidmət qrupu tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və pasportlaşdırılması üçün sənədlər vətəndaşlardan qəbul edilmişdir.
Komitənin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrə dərs ili ərzində mühazirələrin oxunması davam etdirilmiş, Komitənin bazasında praktiki məşğələlər keçirilmişdir. Yay tətili müddətində bir tələbə 3 aylıq əmək müqaviləsi bağlanılmaqla işlə təmin edilmişdir.
2018-ci il ərzində muxtar respublika üzrə 5388 daşınmaz əmlak obyekti qeydiyyata alınmış, əvvəlki illə müqayisədə dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı 7,3% artmışdır. 4056 texniki sənəd hazırlanmışdır ki, bu da 2017-ci ildəki göstəricidən 6,7% çoxdur. 833 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. 153 əmlak real bazar dəyərinə uyğun qiymətləndirilmiş, 1490 əmlakın bazar dəyəri məlumat bankına daxil edilmişdir. 93 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, 743 müraciətə baxılmışdır.
Culfa rayonu üzrə 2, Babək rayonu üzrə 26 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir. Şərur rayonu üzrə 25 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri hazırlanmışdır. Şahbuz və Sədərək rayonları üzrə bütün bələdiyyələrin, Qaraxanbəyli, Qaraçuq və Tumbul bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritələri hazırlanmışdır.
Muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılmış, torpaqlardan qanunsuz istifadə ilə bağlı 123 fakt aşkar edilmişdir. Aşkar edilmiş faktlardan 113-ü qanunvericiliyin tələblərinə uyğun aradan qaldırılmış, 10 vətəndaşa xəbərdarlıq edilmişdir. Torpağın münbit qatının korlanmasına görə iki fiziki şəxs barəsində inzibati protokol tərtib olunmuşdur.
Daşınmaz əmlakın qeydiyyatı sistemi təkmilləşdirilməklə elektron çıxarışların tərtib olunması təmin edilmişdir. Hesabat dövründə hüquqların dövlət qeydiyyatına alınması üçün Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərdən 406 müraciət daxil olmuş və icra edilmişdir ki, bu da 2017-ci illə müqayisədə 29,7% çoxdur.
Göstərilən dövlət qayğısı nəticəsində iki ədəd yeni NAZ Lifan markalı avtomobil alınaraq Komitənin və Şahbuz Rayon İdarəsinin istifadəsinə verilmişdir. Komitənin Babək Rayon İdarəsi müasir iş şəraiti ilə təmin olunmuş yeni inzibati binaya köçürülmüşdür.