BƏLƏDİYYƏ TORPAQLARININ İDARƏ EDİLMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB
26.10.2020
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda Ordubad rayonunda bələdiyyə sədrlərinin iştirakı ilə seminar keçirilib.
Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal Eyvazov bildirib ki, bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış muqavilə əsasında həyata keçirilməlidir. Müqavilədə tərəflərin hüquqları, vəzifələri və digər şərtlər də nəzərdə tutlmalı, daxil olmuş muraciətlərə qanunla müəyyən olunmuş qaydada vaxtında baxılmalıdır.
Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə verməklə Muxtar Respublika əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində xüsusi rol oynayır. Buna görə də həmin torpaqlar yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir.
Ədliyyə Nazirliyinin qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələbləri mövzusunda məlumat verib. Bildirib ki, respublikamızda bələdiyyələrin inkişafı və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün zəruri şərait yaradılıb və yerli özünüidarə hüququnu həyata keçirməklə əhaliyə hərtərəfli köməklik göstərilir. Bələdiyyələrin bütün iclasları protokollaşdırılmalı, tərtib olunan bələdiyyə aktları qanunvericiliyə uyğun hazırlanmalıdır.
Sonda mövzu ətrafına müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Baxılıb: 366