ELEKTRON KADASTR XƏRİTƏLƏRİ HAZIRLANIR
21.10.2020
Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması, fəaliyyət istiqamətləri üzrə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi sentyabr ayı ərzində də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şahbuz rayonunun bütün bələdiyyələri üzrə reyestr məlumatlarının yeni hazırlanmış xəritələrin üzərinə miqrasiyası başa çatdırılmış, rayonun elektron kadastr xəritəsi tərtib edilmişdir. Naxçıvan şəhərinin, Kəngərli və Sədərək rayonlarının ərazisində eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar naturada dəqiqləşdirilərək həmin ərazilərin xəritələri hazırlanmışdır.
Şərur rayonunda torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmiş və torpaqların qida maddələri ilə təmin olunmasına dair hazırlanmış yeni kartoqramlar Xanlıqlar, Ələkli, Dərvişlər, Çəmənli, Kosacan və Siyaqut bələdiyyələrinə təqdim edilmişdir.
Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq 13 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları, habelə təsərrüfat fəaliyyəti ilə əlaqədar 5 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.
Sentyabr ayında 712 daşınmaz əmlak obyekti qeydiyyata alınmış, 475 texniki sənəd hazırlanmış, 195 əmlakın bazar dəyəri məlumat bankına daxil edilmişdir. Yeni yaranmış 33 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 83 ünvan arayışı hazırlanmışdır. Hesabat ayı ərzində səyyar xidmət qrupu tərəfindən 8 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş 47 müraciət əsasında mülkiyyət sənədləri hazırlanıb hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 588