Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MUZEY KOMPLEKSİ ZİYARƏT OLUNUB

MUZEY KOMPLEKSİ ZİYARƏT OLUNUB

19.10.2020

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri oktyabrın 17-də Naxçıvan şəhərində fəaliyyət göstərən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Məlumat verilib ki, Muzey Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb, Ali Məclis Sədrinin 2015-ci il 02 fevral tarixli Sərəncamına əsasən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirir. Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və ziyarətçilərə təbliğ edilir.

    

Bildirilib ki, Muzeyin ekspozisiyası 9 zaldan ibarətdir. Yarandığı dövrdə 150 eksponatla fəaliyyətə başlasa da, hazırda eksponatların sayı 2 min 700-dən artıqdır. Həmin eksponatların 350-si ekspozisiya zallarında, 60-a yaxını Möminə Xatın və 240-dan çoxu Açıq Səma Altında Muzey Kompleksində nümayiş və təbliğ edilir, digər hissəsi isə fond otaqlarında qorunub mühafizə olunur.

Qeyd olunub ki, bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu bu məkanı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gələn turistlər də həvəslə ziyarət edirlər.

Baxılıb: 393