TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏ VƏ ONLARIN MÜHAFİZƏSİ VACİB MƏSƏLƏDİR
18.09.2020
Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi avqust ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şahbuz rayonunun 5 bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılmışdır. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur və Kəngərli rayonlarında monitorinqlərə başlanılmış, ay ərzində Şərur rayonunun Oğuzkənd, Dərəkənd, Aşağı Daşarx və Yuxarı Daşarx, Kəngərli rayonunun Böyükdüz kəndlərində aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılmışdır.
Torpaqların şorlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə aid qurumlarla razılaşdırılmaqla müvafiq komissiya yaradılmış, torpaqların monitorinqinə başlanılmışdır. Avqust ayı ərzində Ordubad, Culfa və Babək rayonları üzrə aparılan monitorinqlər başa çatdırılmışdır.
“İlandağ” geoparkının yaradılması ilə əlaqədar olaraq müxtəlif məzmunlu xəritə və planlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Ötən ay ərzində 616 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 481 texniki sənəd hazırlanmış, yeni yaranmış 38 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 108 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. 16 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.