Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN MONİTORİNQİ APARILIR

TORPAQLARIN MONİTORİNQİ APARILIR

27.08.2020

Muxtar respublikamızda torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması üçün vaxtaşırı müşahidələrin aparılması diqqətdə saxlanılır. Torpaqların şorlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aid qurumlarla razılaşdırılmaqla müvafiq komissiya yaradılıb, torpaqların monitorinqinə başlanılıb.

Artıq komissiya tərəfindən Ordubad rayonu üzrə torpaq sahələrinin monitorinqi başa çatdırılıb, rayon üzrə 24,1 ha şorlaşmış torpaq sahəsi müəyyən edilərək xəritələşdirilib.

Hazırda Babək və Culfa rayonlarında bu istiqamətdə işlər davam etdirilir. Şorlaşan, şorakətləşən, bataqlaşan, digər kəmiyyət və keyfiyyət göstəricilərini dəyişən torpaq sahələri müəyyənləşdirilir, torpaqların şorlaşmasının və bataqlaşmasının səbəbləri öyrənilir. Yüksək dəqiqlikli geodeziya avadanlıqları vasitəsi ilə həmin ərazilərdə ölçmə işləri aparılır.

Muxtar respublikanın bütün ərzisində aparılacaq monitorinqlərin yekununda komissiya tərəfindən hesabat hazırlanacaq, torpaqlarda baş vermiş dəyişikliklərin aradan qaldırılması üçün zəruri aqrotexniki və meliorativ tədbirlər müəyyənləşdirililəcək.

Qeyd edək ki, monitorinqlərin aparılmasına Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Naxçıvan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri cəlb edilib.

Baxılıb: 442