Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNİN YARADILMASI İSTİQAMƏTİNDƏ İŞLƏR YEKUNLAŞMAQ ÜZRƏDİR

TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNİN YARADILMASI İSTİQAMƏTİNDƏ İŞLƏR YEKUNLAŞMAQ ÜZRƏDİR

15.08.2020

  Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində görülmüş işlərə dair növbəti müzakirələr aparılıb.

  Xidmətin rəisi Müslüm Cabbarzadə bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 02 aprel 2016-cı il tarixli Fərmanına uyğun olaraq muxtar respublikada torpaqların elektron uçotunun aparılması, xəritələşdirilməsi və torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində əsas işlər yekunlaşdırılıb.

  Göstərilən dövlət qayğısı sayəsində sistemin fəaliyyətinin təmin edilməsi üçün Xidmətin informasiya infrastrukturu təkmilləşdirilib, yeni serverlər və təhlükəsizlik avadanlıqları alınaraq quraşdırılıb. Proqram təminatı hazırlanaraq xüsusi serverə yüklənib. Hazırda sistem xidmətin mütəxəssisləri tərəfindən sınaq rejimində istismar olunur, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılması üçün təkmilləşdirmə işləri aparılır.

  Bildirilib ki, vətəndaşların qanuni istifadəsində olan və torpaq islahatı zamanı onların mülkiyyətinə verilmiş torpaq sahələrinə və onların mülkiyyətçilərinə dair məlumatlar vahid formada yığılaraq sistemə daxil edilib. Muxtar respublikanın bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturlarının dəqiqləşdirilməsi üçün aparılan çöl geodeziya ölçmələri başa çatdırılıb, yaşayış məntəqələrinin yeni elektron yerquruluşu xəritələri hazırlanıb. Sistemin daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyası təmin edilib.

  Qeyd edilib ki, elektron kadastr uçotu sistemi torpaq uçotunun müasir tələblərə uyğun aparılmasına, məkan məlumatları infrastrukturunun formalaşmasına, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə zəmin yaradır.

  Sonra görülmüş işlər barədə İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun, Dövlət torpaq kadastrı sektorunun müdiri Xaliq Fərzəliyevin, Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyevin çıxışları dinlənilib, sistemin iş prinsipi əyani şəkildə nümayiş olunub. Aparılan müzakirələr zamanı sistemin ayrı-ayrı funksionallıqlarının daha da təkmilləşdirilməsi ilə bağlı Xidmətin mütəxəssislərinin fikirləri dinlənilib.

  Qeyd edək ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işinin başa çatdırılması torpaqların səmərəli idarə olunmasına, kadastr işlərinin yüksək dəqiqliklə aparılmasına, torpaq idarəçiliyində daha mütərəqqi idarəetmə metodları və müasir mexanizmlərin tətbiqinə, mükəmməl torpaq bankının formalaşdırılmasına şərait yaradacaqdır.

Baxılıb: 433