Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - YARIMİLİN YEKUNLARI VƏ SESSİYADAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLİB

YARIMİLİN YEKUNLARI VƏ SESSİYADAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLİB

30.07.2020

İyulun 29-da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində növbəti kollegiya iclası keçirilib. Xidmətin rəisi Müslüm Cabbarzadə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr və 2020-ci ilin birinci yarısında yerinə yetirilən işlərə dair məruzəsində bildirib ki, bəhs olunan dövrdə muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılıb. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib. Cari ilin ötən dövründə 7157 daşınmaz əmlak obyekti plana alınıb və bununla da muxtar respublikada torpaq sahələrinin plana alınması başa çatdırılıb.

Ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması, əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər və torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarının yenilənməsi işləri davam etdirilib. 80 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası məqsədi ilə Duzdağ ərazisi xəritələşdirilib, muxtar respublikanın bütün şəhər və rayonları üzrə suvarılan torpaq sahələrinin xəritələri nəşr olunub, aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilib.

Xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə nəzəri və praktiki məşğələlər keçirilib, iki tələbə ödənişli işlərə cəlb olunub.

Babək rayonunun kəndlərində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılıb, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

Şərur rayonunun 23 bələdiyyəsinin xəritələri və yerquruluşu sənədləri qovluğu hazırlanaraq aidiyyəti üzrə göndərilib. 14 sifarişçi təşkilatın müraciəti əsasında 100-ə yaxın müxtəlif miqyaslı xəritə, plan və sxemlər hazırlanıb.

Qeyd edilib ki, 2020-ci ilin 6 ayı ərzində muxtar respublika üzrə 2787 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 2315 texniki sənəd hazırlanıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 8% artıb. Yeni yaranmış 117 daşınmaz əmlak obyektinə ünvan verilib, 444 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 38 yaşayış məntəqəsində 230 vətəndaşın müraciətinə baxılıb, 182 vətəndaşa elektron xidmətlər göstərilib.

Xidmətin rəisi qeyd edib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında torpaqların elektron uçotunun aparılması, xəritələşdirilməsi və mühafizəsinin təşkili ilə bağlı qarşıya qoyulmuş vəzifələr yüksək səviyyədə icra ediləcəkdir. 

Məruzə ətrafında çıxışlar dinlənilib, slaydlar vasitəsi ilə görülmüş işlər barədə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib

Baxılıb: 409