Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BƏLƏDİYYƏ TORPAQLARINDAN İSTİFADƏ QANUNLA NECƏ TƏNZİMLƏNİR

BƏLƏDİYYƏ TORPAQLARINDAN İSTİFADƏ QANUNLA NECƏ TƏNZİMLƏNİR

28.07.2020

Muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin mühüm hissəsini torpaqlardan səmərəli istifadə təşkil edir. Çünki torpaqlardan təyinatı üzrə istifadə olunması belə tədbirlərin vacibliyi ilə yanaşı, müxtəlif sahələr üzrə müsbət nəticələrin əldə olunmasına da zəmin yaradır. Bu baxımdan bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə də günümüzün aktual məsələlərindəndir. Xüsusilə bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı hansı qaydalara əməl olunmalıdır? Qanunvericilikdə bununla bağlı hansı normativ-hüquqi qaydalar mövcuddur? Qonaqlarımızla bu məsələləri müzakirə edəcəyik. Mövzu ilə bağlı suallarımızı redaksiyamızın qonaqları 

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Yerquruluşu, geodeziya, xəritəçəkmə və torpaq ehtiyatlarından istifadəyə nəzarət sektorunun müdiri Oqtay Məmmədovdur.

– Hər birinizi redaksiyamızda salamlayırıq. Xəyal müəllim, ilk olaraq sizdən başlayaq. Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi qanunvericilikdə necə təsbit olunub?

Xəyal Eyvazov: – Əvvəlcə onu deyim ki, demokratik idarəetmə sisteminin bir qolu kimi bələdiyyələrin fəaliyyətinin təşkilinin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Belə ki, Konstitusiyamızın 142-ci maddəsinin 1-ci hissəsinə əsasən ölkəmizdə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla mahiyyət etibarilə yerli əhaliyə ən yaxın idarəetmə formasıdır. Ölkə həyatının bütün sahələrində ardıcıl mütərəqqi islahatların həyata keçirildiyi bir şəraitdə bələdiyyələrin də öz fəaliyyətlərini təkmilləşdirmələrinə, qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələrindən maksimum istifadə edərək maliyyə imkanlarını genişləndirməklə yerli məsələlərin həllində daha səmərəli rol oynamalarına ciddi ehtiyac vardır. Bu baxımdan bələdiyyə torpaqlarından yerli əhalinin ümumi mənafeyi üçün daha səmərəli istifadə edilməsi, xüsusilə əhəmiyyətlidir. Qeyd edim ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinə və icarə münasibətlərinin hüquqi əsaslarının yaradılmasına böyük diqqət göstərildi və bu sahədə zəruri hüquqi baza yaradıldı.

– Ümumiyyətlə, bələdiyyə torpaqlarının icarəyə verilmə mexanizmi necədir? Yəni torpaqlar kimə verilə bilər və bu proses necə həyata keçirilməlidir?

Xəyal Eyvazov: – Qanuna görə, torpaq icarəsi müqavilə əsasında, əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları hüquqi və fiziki şəxslərə icarəyə verilə bilər. Hüquqi şəxslər və vətəndaşlar icarə münasibətlərində icarəyəverənlər və icarəçi kimi iştirak edirlər. Torpaqların icarəyə verilməsi bir sıra şərtlərə əməl edilməsini nəzərdə tutur, torpaqların təyinatı üzrə istifadə edilməsi, ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi və sair. Qeyd edim ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılmaqla həyata keçirilir. İcarə müqaviləsində icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, tərəflərin hüquq və vəzifələri, torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar, müddəti, icarə haqqı və digər məsələlər öz əksini tapmalıdır. Qanunvericiliyə görə, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini bələdiyyələr həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda da bələdiyyə torpaqlarının icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilib ki, burada da həm icarəyəverənin, həm də icarəçinin müvafiq hüquqları vardır.

– Oqtay müəllim, bələdiyyə mülkiyyətində olan torpaqlar müxtəlif təyinatlara uyğun ola bilər. Bu halda hansı bələdiyyə torpaqları icarəyə verilə bilər?

Oqtay Məmmədov: – Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və otçalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

– Səhv etmirəmsə, torpaq icarəyə verilərkən icarəçi qarşısında müəyyən vəzifələr də qoyulur.

Oqtay Məmmədov: – Bəli, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icarəçinin vəzifələri müəyyən edilmişdir. Belə ki, icarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə əməl etmək; icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq; icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək və qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməyə borcludurlar.

– Yəni bunlar icarəyəverənlə icarəçi arasında bağlanmış müqavilədə öz əksini tapır.

Oqtay Məmmədov: – Bəli, qanunvericilikdə torpaqların icarəyə verilməsi ilə bağlı ümumi qaydalar var ki, bunlardan biri də tərəflər arasında bağlanmış müqavilədir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tətbiq olunmalıdır. İcarə müqaviləsində icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası kimi şərtlər nəzərdə tutulmalıdır. Eləcə də qeyd etmək istərdim ki, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

– Bəs torpaqlar nə qədər müddətə icarəyə verilir?

– Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. İcarəçi icarəyə götürdüyü torpaq sahəsinisubicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər. İcarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsinə icarə hüququ onun vərəsələrindən birinə keçir. Xəyal Eyvazov: – Fürsətdən istifadə edib bunu da oxucularımıza bildirmək istərdim ki, bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə sənədlər müvafiq qanuna edilmiş son dəyişikliyə görə 5 iş günündən gec olmayaraq, Ədliyyə Nazirliyinə göndərilməlidir.

– Xəyal müəllim, yeri gəlmişkən mərkəz tərəfindən bələdiyyələrlə iş necə qurulub?

Xəyal Eyvazov: – Bu gün bələdiyyələrin fəaliyyətinə lazımi diqqət və qayğı göstərilir. Muxtar respublikamızda həyata keçirilən infrastruktur tədbirləri nəticəsində onlar üçün hərtərəfli iş şəraiti yaradılıb. Əməkdaşlarımız tərəfindən də mütəmadi olaraq yerlərdə bələdiyyələrlə maarifləndirici görüşlər təşkil edilir, onlara metodoloji köməkliklər göstərilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün artıq bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi cəmiyyət həyatında yaxından iştirak edirlər.

– Xaliq müəllim, torpaqların əkinə cəlb olunmasında torpaq mülkiyyətçilərinin müvafiq bilik və təcrübələrinə də istinad edilməlidir. Təmsil olunduğunuz qurumun bu işlərdə rolu nədən ibarətdir?

Xaliq Abbasov: – Təbii ki, bu gün muxtar respublikamızda əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunması qarşıda duran əsas məsələlərdəndir. Burada da əsas məqsəd etibarlı ərzaq təhlükəsizliyinin yaradılması, daxili bazarın yerli məhsullarla təminatı, habelə ixrac potensialı yaratmaqdır. Son illərdə muxtar respublikamızda həyata keçirilən tədbirlər nəticəsində yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılıb ki, hazırda da bu proses davam etdirilir. O ki qaldı torpaqlardan əkin məqsədilə istifadə olunmasına, təbii ki, hər bir məhsulun əkinində müvafiq aqrotexniki qaydaların gözlənilməsi qaçılmazdır. Buna görə də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq bölgələrimizdə torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlarla maarifləndirici söhbətlər aparılır. Burada məqsəd torpaqların münbitliyi nəzərə alınaraq həmin sahələrdə müvafiq əkinlərin aparılması ilə bağlı tövsiyələrin verilməsidir. Torpaq mülkiyyətçiləri ilə aparılan maarifləndirici söhbətlər, əkinlərə elmi yanaşmanı özündə cəmləşdirən yeni bukletlərin hazırlanaraq onlara paylanılması bu işlərə töhfəsini verməkdədir. Xüsusilə son illərdə muxtar respublikamızda yaradılan ailə təsərrüfatlarının əksəriyyəti əkinçiliklə məşğul olduğundan onlarla daim görüşür, fikir mübadiləsi aparır, hətta böyük təcrübəsi olan təsərrüfatçıların təcrübələrindən digər torpaq mülkiyyətçilərinin yararlanmasına da çalışırıq. Ümumi olaraq deyə bilərəm ki, bu gün muxtar respublikamızın bələdiyyə və pay torpaqlarından səmərəli şəkildə istifadə edərək ailə büdcəsini lazımınca təmin edən çoxsaylı torpaq mülkiyyətçiləri var.

– Çox sağ olun, mövzu ilə bağlı redaksiyamıza gəlib suallarımızı cavablandırdığınız üçün hər birinizə minnətdarlığımı bildirirəm.

Baxılıb: 446