TORPAQLARDAN İSTİFADƏ VƏ ONLARIN MÜHAFİZƏSİNƏ DAİR MONİTORİNQLƏR APARILIR
14.12.2018
Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi noyabr ayında da diqqətdə saxlanılmışdır. Şərur rayonunun Ərəbyengicə, Axaməd, Qarabürc, Çəmənli, Arpaçay və Qarahəsənli kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, 2166 daşınmaz əmlak obyekti plana alınmışdır. Şərur rayonunun Yuxarı Yaycı, Havuş, Gümüşlü və Şərur bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri, Naxçıvan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil olan Qaraçuq bələdiyyəsinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritəsi hazırlanmışdır. Bundan başqa, Babək rayonunun Şıxmahmud, Xəlilli, Yuxarı Uzunoba və Aşağı Uzunoba kəndlərinin ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə dair monitorinqlər aparılmışdır.
Ötən ay 426 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 332 texniki sənəd hazırlanmış, yeni yaranmış 57 daşınmaz əmlak obyektinə ünvan verilmiş, Naxçıvan şəhərində daşınmaz əmlak obyektlərinin ünvanlarının dəqiqləşdirilməsi davam etdirilmişdir.
Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 48 vətəndaşın müraciətinə baxılmışdır.