ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI APARILIB
28.12.2018
Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Naxçıvan şəhərində yerləşən hərbi hissədə xidmət edən əsgərlərlə görüşüb, onlara bayram sovqatı aparılıb.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət kompleksləri tikilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu gün ordumuz ən müasir silah-sursata və yenilməz, qətiyyətli, peşəkar şəxsi heyətə malikdir. Muxtar respublikamızda sarsılmaz xalq-ordu birliyi formalaşıb, əlamətdar günlərdə əsgərlərlə görüşlərin keçirilməsi ənənə halını alıb.
Komitənin sədri qarşıdan gələn bayramlar münasibəti ilə əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıb.
Gətirilən bayram sovqatı əsgərlərə təqdim olunub.