Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - AĞBULAQ KƏND TURİZM-İSTİRAHƏT BÖLGƏSİNDƏ DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN PASPORTLAŞDIRILMASINA BAŞLANILIB

AĞBULAQ KƏND TURİZM-İSTİRAHƏT BÖLGƏSİNDƏ DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN PASPORTLAŞDIRILMASINA BAŞLANILIB

08.12.2018

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalamış, dekabrın 5-də Şahbuz rayonunun Ağbulaq kəndində Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olmuşdur. Bu münasibətlə keçirilən tədbirdə Ali Məclisin Sədri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə turizm istirahət bölgəsinin torpaq ehtiyatlarının qorunması və səmərəli istifadəsinin təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması, bütün tikintilərin layihə əsasında aparılması və pasportlaşdırılması ilə bağlı tapşırıqlar vermişdir. 
    Verilmiş tapşırıqların icrasını təmin etmək üçün Ağbulaq kəndində torpaq sahələrinin plana alınması və daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması işlərinə başlanılmışdır. Dekabrın 8-də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə Ağbulaq kəndində sakinlərlə görüşərək görüləcək işlərlə bağlı məlumat vermişdir.

    Bildirilmişdir  ki,  dövlətimizin  diqqət  və  qayğısı  sayəsində kənddə  aparılmış  kompleks  quruculuq  tədbirləri  çərçivəsində  kənd sakinlərinə  məxsus  fərdi yaşayış evlərində  də  yenidənqurma  işləri  aparılmış, həyətyanı  sahələr  abadlaşdırılmışdır. Baş vermiş dəyişiklikləri vətəndaşlara verilən texniki və  mülkiyyət sənədlərində düzgün əks etdirmək üçün aparılacaq planaalma işləri nəticəsində vətəndaşlara məxsus torpaq sahələrinin sərhədləri dəqiqləşəcək, daşınmaz əmlak obyektləri pasportlaşdırılaraq uçota alınacaq. Komitənin səyyar xidmət qrupu tərəfindən mülkiyyət sənədləri hazırlanaraq yerindəcə vətəndaşlara təqdim ediləcək. Nəticədə kənd sakinlərinin rahatlığı təmin olunacaq, rayon mərkəzinə və Naxçıvan şəhərinə üz tutmalarına zərurət yaranmayacaq.
    Torpaq ehtiyatlarının qorunması və səmərəli istifadənin təmin edilməsi ilə bağlı məlumat verən Komitə sədri qeyd etmişdir ki, hər bir torpaq mülkiyyətçisi yaradılan şəraitdən düzgün bəhrələnməli, torpaqlardan məqsədyönlü şəkildə istifadə edilməlidir. Torpaq sahələrinin özbaşına tutulması, qanunsuz tikililərin inşası hallarına yol verilməməlidir.
    Sonra kənd sakinlərini maraqlandıran suallar cavablandırılmışdır. 

Baxılıb: 691