DAŞINMAZ ƏMLAKIN QEYDİYYATINA MARAQ ARTIB
13.04.2020
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin ilk üç ayı ərzində 61 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanmış, 293 torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 31,6% artmışdır.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 335 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 125, əmlakın olub-olmamasına dair 101 arayış verilmişdir.
Qahab, Naxışnərgiz, Payız, Gülşənabad, Güznüt, Çeşməbasar, Cəhri və Qaraqala kəndlərində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.
Altı yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 635