DÖVLƏT QEYDİYYATINA ALINAN DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIB
08.04.2020
Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması istiqamətində qarşıda duran vəzifələrin icrası 2020-ci ilin I rübü ərzində də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Torpaqların elektron kadastr uçotunun aparılması məqsədi ilə Şahbuz rayonunda və Sədərək rayonunun Qaraağac kəndində planaalma işləri başa çatdırılmış, rüb ərzində 3 min 903 daşınmaz əmlak obyekti plana alınmışdır. Şahbuz rayonunun 13 bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüşdür.
47 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonlarında ailə təsərrüfatları və torpaq mülkiyyətçiləri ilə əkin atlaslarına uyğun əkinlərin aparılması, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi ilə bağlı maarifləndirici görüşlər təşkil edilmişdir.
Kəngərli rayonunun iki bələdiyyəsinin və dövlət ehtiyat fondunda əkinəyararlı torpaq sahələrinin qida maddələri ilə təmin olunma kartoqramları yenilənmişdir. Rüb ərzində 11 sifarişçi təşkilatın müraciəti əsasında 80-ə yaxın müxtəlif məzmunlu xəritə, plan və sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Babək rayonunun 8 yaşayış məntəqəsində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılmış, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Muxtar respublika üzrə 1474 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 1174 texniki sənəd hazırlanmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət qeydiyyatına alınan əmlakların sayı 7 faiz, hazırlanan texniki sənədlərin sayı 11,5 faiz artmışdır. Yeni yaranmış 53 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 262 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır.
Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 23 yaşayış məntəqəsində 133 vətəndaşın müraciətinə baxılmışdır. Rüb ərzində 138 vətəndaşa elektron xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur.
Baxılıb: 537