Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNDƏN İSTİFADƏ QAYDALARI ƏMƏKDAŞLARA İZAH EDİLİB

TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNDƏN İSTİFADƏ QAYDALARI ƏMƏKDAŞLARA İZAH EDİLİB

 21.01.2020

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Torpaqların elektron kadastr uçotu informasiya sistemindən istifadə qaydalarına dair təlim keçirilib.

Xidmətin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri vəzifəsini icra edən Arzu Məmmədov bildirib ki, sistemin fəaliyyətini təmin edən proqram təminatı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 02 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun hazırlanıb, sınaq rejimində istismar olunması üçün ayrıca serverə yüklənib.

Qeyd edilib ki, sistemdə kadastr işlərinin aparılması, uyğunsuzluqların müəyyən edilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi, müxtəlif xarakterli hesabatların çıxarılması üçün bölmələr yaradılıb. Daşınmaz əmlakın elektron qeydiyyatı sistemi ilə məlumat mübadiləsi təmin edilib.

Təlimdə ümumi kadastr xəritəsinin idarə edilməsi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. Sistem vasitəsi ilə torpaq sahəsinin formalaşdırılması, kadastr uçotuna daxil edilməsi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində kadastr əməliyyatlarının aparılması izah edilib. “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanaraq çap olunması, torpaq sahəsi üzərində tikililərin yerləşdirilməsi, bölgü planının hazırlanması əyani şəkildə nümayiş olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Baxılıb: 744