Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

 30.01.2020

Yanvarın 30-da Babək rayonunun Zeynəddin kəndində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə torpaqların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açaraq rayonda bu istiqamətdə görülmüş işlərdən danışıb.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Nurlan Fətəliyev torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin məqsəd və vəzifələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, muxtar respublikamızda bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadənin təmin edilməsi diqqətdə saxlanılır, bu məqsədlə mütəmadi monitorinqlər aparılır.

Lakin, həyata keçirilən tədbirlərə baxmayaraq vətəndaşlar tərəfindən torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir. Xidmətin mütəxəssisləri tərəfindən aparılan monitorinqlər zamanı Zeynəddin kəndində də torpaqlardan qanunsuz istifadə halları aşkar edilərək aradan qaldırılıb.

Vurğulanıb ki, torpaqlardan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş rejimə uyğun istifadə olunması torpağı daha da məhsuldar edir. Torpaq sahəsi ilə bağlı öhdəliklərə və məhdudiyyətlərə əməl etmək isə torpaq üzərində hüquqlarını həyata keçirən hər bir mülkiyyətçinin, istifadəçinin və icarəçinin başlıca vəzifəsidir.

Rayon prokurorluğunun əməkdaşı Elməddin Bağırov torpaqlardan qanunsuz istifadənin hüquqi nəticələri və yaratdığı məsuliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Baxılıb: 620