Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT 2019-CU İL ƏRZİNDƏ DİQQƏTDƏ SAXLANILIB

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT 2019-CU İL ƏRZİNDƏ DİQQƏTDƏ SAXLANILIB

 13.01.2020

Yanvarın 13-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. İclası xidmətin rəisi Müslüm Cabbarzadə açaraq bildirib ki, muxtar respublikada torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi il ərzində diqqətdə saxlanılıb.

Göstərilən dövlət qayğısı nəticəsində informasiya infrastrukturu təkmilləşdirilib, yeni server, təhlükəsizlik və şəbəkə avadanlıqları alınaraq quraşdırılıb. Ordubad Rayon İdarəsi müasir iş şəraiti ilə təmin olunmuş inzibati binaya köçürülüb.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması üzrə əsas işlər yekunlaşdırılıb, sistem sınaq rejimində istifadəyə verilib. Kəngərli və Şərur rayonlarında, Şahbuz rayonunun 13, Sədərək rayonunun 1 yaşayış məntəqəsində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, il ərzində 19924 daşınmaz əmlak obyekti plana alınıb.

Qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq Şərur rayonunun 6, Babək rayonunun 5 bələdiyyəsinin torpaqların qida maddələri ilə təmin olunmasına dair yeni kartoqramları hazırlanıb.

Naxçıvan şəhəri üzrə 57 nəqliyyat infarstukturu obyektinə dair ünvan lövhələri və giriş nömrə nişanlarının sənaye üsulu ilə hazırlanması və quraşdırılması işləri başa çatdırılıb. İl ərzində yeni yaranmış 682 daşınmaz əmlak obyektinə ünvan verilib.

Şərur rayonu üzrə 53, Babək rayonu üzrə 2 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri tərtib edilib.

İl ərzində 240 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Qeyd edilib ki, 2019-cu il ərzində muxtar respublika üzrə 6112 daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da 2018-ci ilin göstəricisindən 13,4% çoxdur. 4671 texniki sənəd hazırlanıb, 833 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. 273 əmlak real bazar dəyərinə uyğun qiymətləndirilib, 1685 əmlakın bazar dəyəri məlumat bankına daxil edilib. 96 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, 690 müraciətə baxılıb. Ümumilikdə, il ərzində daşınmaz əmlakla bağlı əməliyyatların aparılması üçün qəbul edilmiş 14657 ərizə icra olunub ki, bu da əvvəlki illə müqayisədə 22,6% çoxdur.

Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər zamanı aşkar edilmiş torpaqlardan qanunsuz istifadə ilə bağlı 751 faktın qanunvericiliyin tələblərinə uyğun aradan qaldırılması istiqamətində iş aparılıb.

Daşınmaz əmlakın qeydiyyatı sistemi təkmilləşdirilməklə elektron çıxarışların tərtib olunması təmin edilib. Hesabat dövründə hüquqların dövlət qeydiyyatına alınması üçün fəaliyyət istiqamətləri üzrə göstərilən elektron xidmətlərdən 760 müraciət daxil olub və icra edilib ki, bu da 2018-ci illə müqayisədə 103,2% çoxdur.

Hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrə nəzəri təlimlər və praktiki məşğələlər keçirilib. Yay tətili müddətində iki tələbə 3 aylıq əmək müqaviləsi bağlanılmaqla işlə təmin edilib.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib, xidmətin 2020-ci il üçün “İş planı” təsdiq olunub.

Baxılıb: 693