ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI APARILIB
28.12.2019
Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Naxçıvan şəhərində yerləşən hərbi hissədə xidmət edən əsgərlərə bayram sovqatı aparıb.
Əsgərlərlə görüşdə Komitənin sədri Müslüm Cabbarzadə bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı ildən-ilə daha da möhkəmləndirilir, yeni əsgəri-məişət kompleksləri tikilib istifadəyə verilir. Zabit və əsgərlər üçün lazımi xidmət şəraiti yaradılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikadakı ordu, birləşmə və hissələr hərtərəfli təminata, ən müasir silah-sursata və peşəkar şəxsi heyətə malikdir. 2018-ci ildə həyata keçirilən uğurlu Günnüt əməliyyatı da bir daha göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirmək əzmindədir.
Qeyd edilib ki, muxtar respublikamızda əlamətdar günlərdə əsgərlərlə görüşlərin keçirilməsi artıq ənənə halını alıb, sarsılmaz xalq-ordu birliyi formalaşıb.
Komitənin sədri qarşıdan gələn hər iki bayram münasibəti ilə əsgər və zabitləri təbrik edib, onlara sərhədlərimizin etibarlı müdafiəsində uğurlar arzulayıb.
Gətirilən bayram sovqatı əsgərlərə təqdim olunub.
Baxılıb: 669