Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏ SAHƏSİNDƏ QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUR

TORPAQLARDAN SƏMƏRƏLİ İSTİFADƏ SAHƏSİNDƏ QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUR

 27.09.2018

    Muxtar respublikamızda əhalinin əsas qida məhsullarına olan tələbatının fasiləsiz və dayanıqlı şəkildə yerli istehsal hesabına ödənilməsini təmin etmək üçün ardıcıl tədbirlər görülür. Həyata keçirilən işlər aqrar istehsalın inkişafında yeni mərhələ olmaqla yanaşı, torpaqdan düzgün və səmərəli istifadəni də günün tələbinə çevirib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi, bu məsələyə dövlət nəzarətinin gücləndirilməsi barədə tapşırıqlar verib, aid mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirərək deyib: “Bu gün torpaqlardan səmərəli istifadə qarşıda duran əsas vəzifələrdəndir. Əkinəyararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınaraq əkinçiliyin inkişafında intensiv amillərə üstünlük verilməlidir. Kənd təsərrüfatına yararlı torpaqlardan digər məqsədlər üçün istifadənin qarşısı alınmalı, onların əkin
dövriyyəsinə cəlb olunması istiqamətində tədbirlər görülməlidir”.
    Verilmiş tapşırıqların və qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə kənd təsərrüfatına yararlı torpaqların kateqoriyalar üzrə səmərəli istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, əkinəyararlı torpaq sahələrinin əkin

dövriyyəsinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsi, eroziya və şoranlaşmaya məruz qalmış torpaq sahələrinin dəqiqləşdirilməsi və xəritələşdirilməsi, əkinəyararlı torpaqlardan mövcud istifadə vəziyyətinə dair monitorinqlərin aparılması Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılır.
    Şərur, Sədərək, Culfa, Ordubad və Şahbuz rayonlarının bütün bələdiyyələri üzrə torpaq islahatı zamanı yaşayış məntəqələrinin perspektiv inkişafı üçün saxlanılmış yararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə həmin ərazilərdə müvafiq ölçmə işləri aparılıb və xəritələşdirilib. Şərur rayonu üzrə 57,7, Sədərək rayonu üzrə 46,2, Culfa rayonu üzrə 167,5, Ordubad rayonu üzrə 21,8, Şahbuz rayonu üzrə isə 43,8 hektar əkinəyararlı torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib.
    Şərur, Ordubad, Culfa, Babək, Kəngərli, Sədərək rayonlarının və Naxçıvan şəhərinin ərazisində olan eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar müəyyən edilərək xəritələşdirilib, həmin ərazilərdə meliorasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanmış materiallar aid orqanlara göndərilib.
    Torpaqların pasportlaşdırılması ilə əlaqədar bütün rayonlar üzrə kəmiyyətcə uçotu dəqiqləşdirilib, kameral şəraitdə keyfiyyət göstəricilərini əks etdirən xəritələrin hazırlanmasına başlanılıb.
    Naxçıvan Muxtar Respublikasında nümunəvi fermer təsərrüfatlarının yaradılması məqsədilə ayrılmış torpaq sahələrində komitənin mütəxəssisləri tərəfindən topoqrafik planaalma işləri aparılıb, torpaq sahələrinin eksplikasiyası tərtib edilib və hazırlanmış xəritə materialları aid orqanlara göndərilib.
    Torpaq sahələrinin sel və daşqınlardan qorunması, belə təhlükəsi olan ərazilərdə meşəbərpa tədbirlərinin aparılması, tezböyüyən ağac və kol cinslərindən ibarət meşə zolaqlarının salınması üçün bu cür ərazilər seçilərək xəritələşdirilib. Naxçıvan şəhəri və rayon inzibati ərazi vahidlərinin mərkəzlərində yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələrinin) xəritələri hazırlanaraq aid orqanlara göndərilib və komitənin elektron bazasına yığılıb.
    Komitənin mütəxəssisləri tərəfindən muxtarrespublikanın rayonlarında və Naxçıvan şəhərində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyətinə dair vaxtaşırı monitorinqlər aparılıb. 2018-ci ilin ötən dövrü ərzində aparılan monitorinqlər zamanı muxtar respublika üzrə torpaqlardan qanunsuz istifadə ilə bağlı 84 fakt aşkar edilib. Həmin qanun pozuntuları qanunvericiliyin tələbinə uyğun aradan qaldırılıb. Ordubad rayonu üzrə 23 faktdan 18-i, Kəngərli rayonunda torpaqlardan qanunsuz istifadə ilə bağlı 11 fakt aradan qaldırılıb, vətəndaşlara xəbərdarlıq olunub.
    Torpağın münbit qatının korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq iki fiziki şəxs barəsində inzibati protokol tərtib edilib.
    Cari ilin ötən dövrü ərzində Şərur rayonunun Dəmirçi, Maxta, Şəhriyar, Qarxun, Tumaslı, Vərməziyar, İbadulla və Ərəbyengicə, Babək rayonunun Yarımca, Cəhri, Kalbaoruc Dizə, Məmmədrza Dizə və Qaraqala, Şahbuz rayonunun Daylaqlı, Kiçikoba, Ayrınc, Badamlı və Kolanı, Culfa rayonunun Əlincə, Xoşkeşin, Bənəniyar və Xanəgah, Ordubad rayonunun Aşağı və Yuxarı Əylis və Dəstə bələdiyyələrinin əkin sahələrinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə təqdim olunan məlumatlar əsasında həmin kəndlərin torpaqlarının qida maddələri ilə təmin olunma kartoqramları hazırlanaraq müvafiq bələdiyyələrə təqdim edilib.
    Əkin atlaslarına uyğun əkin aparılması və torpaqlardan səmərəli istifadə edilməsi üçün torpaq mülkiyyətçiləri, icarəçiləri və istifadəçiləri arasında maarifləndirmə və izahat işləri davam etdirilib. Bu məqsədlə 2018-ci ilin ötən dövrü ərzində muxtar respublikanın Şərur, Ordubad, Culfa, Babək və Şahbuz rayonlarında yerli icra orqanları, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə görüşlər keçirilib.
    Hazırda torpaq mülkiyyətçiləri, icarəçiləri və istifadəçiləri payız əkininə hazırlaşır. Torpaqların münbitliyinin qorunması, torpaq itkisinə yol verilməməsi, torpaq ehtiyatlarından düzgün və səmərəli istifadə edilməsi payız əkini mövsümündə də diqqətdə saxlanılacaq.

Baxılıb: 615