Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNİN YARADILMASI İLƏ BAĞLI İŞÇİ QRUPUN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNİN YARADILMASI İLƏ BAĞLI İŞÇİ QRUPUN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

 22.09.2018

    Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə bağlı işçi qrupun növbəti iclası keçirilib. İclası Komitənin sədri Müslüm Cabbarzadə açıb.
     Komitənin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov sistemin fəaliyyətini təmin edəcək proqram təminatının hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, proqram təminatının yaradılması işi yekunlaşmaq üzrədir. Sistemin hazır modulları baxılması üçün Komitəyə təqdim olunub, aid mütəxəssislərlə birlikdə sistemin iş prinsipinə baxılıb, mövcud nöqsanlar qeyd olunaraq aradan qaldırılması üçün müzakirələr aparılıb. Mövcud məlumatlardan nümunələr hazırlanaraq vaxtaşırı proqram təminatını hazırlayan mütəxəssislərə təqdim olunub.

    Komitənin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev məlumatların yaradılacaq sistemə miqrasiya edilməsi ilə bağlı məlumat verərək qeyd edib ki,  miqrasiya prosesi üçün xüsusi hazırlanmış proqram əlavəsi vasitəsilə reyestr xəritələrində olan kadastr və reyestr nömrələri yeni xəritələrə köçürülüb. Miqrasiya zamanı uyğunsuzluq aşkar edilmiş torpaq sahələri seçilərək zəruri dəqiqləşdirmələr və düzəlişlər edilib.
    Bildirilib ki, ötən müddət ərzində Ordubad və Culfa rayonlarının bütün yaşayış məntəqələri üzrə məlumatların miqrasiyası başa çatdırılaraq torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi üçün təqdim edilib.
    Sonra miqrasiya prosesi zamanı qarşıya çıxan problemlər nümayiş olunub, aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb.
    Komitənin sədri Müslüm Cabbarzadə iclasa yekun vuraraq sistemin fəaliyyətini təmin edəcək proqram təminatının hazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Baxılıb: 719