SEMİNAR KEÇİRİLİB
03.10.2018
“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda keçirilən seminarı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Nurlan Fətəliyev açaraq tədbirin mahiyyəti haqqında məlumat verib.
Komitənin əməkdaşı Tural Cəfərov “Dövlət qulluqçularının əsas hüquq və vəzifələri” mövzusunda çıxış edərək bildirib ki, qanunvericilikdə dövlət qulluqçularının hüquqları ilə yanaşı, vəzifələri də təsbit olunub. Dövlət qulluqçuları vətəndaşların hüquq və azadlıqlarını, onların qanuni mənafelərini təmin etməyə və qorumağa borcludurlar. Vətəndaşların və ictimai birliklərin, habelə müəssisə, idarə və təşkilatların, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə öz qulluq vəzifəsi çərçivəsində vaxtında baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qərarlar qəbul etmək dövlət qulluqçusunun vəzifə borclarındandır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı Mahir Abbasov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, vətəndaşın dövlət orqanında hər hansı bir vəzifə tutması üçün onun həmin vəzifəni tutmağa mənəvi hüququ olmalıdır. Dövlət qulluqçusunun qulluq etikası normalarına və dövlət orqanında müəyyən olunmuş daxili xidmət qaydalarına əməl etməsi barədə tələb çox mühüm əhəmiyyətə malikdir.
Sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Əkbər Əliyevin “Dövlət qulluğunda çalışmaq dövlətə və xalqa xidmət imkanıdır” mövzusunda çıxışı dinlənilib.