TƏTBİQ EDİLƏN YENİLİKLƏRİN TƏQDİMATI OLUB
19.12.2019
Dekabrın 18-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən yeniliklərin təqdimatı olub. Tədbiri giriş sözü ilə Komitənin sədri Müslüm Cabbarzadə açaraq bu istiqamətdə görülmüş işlərdən danışıb.
Qeyd edilib ki, göstərilən dövlət qayğısı sayəsində Komitənin fəaliyyətində müasir texnoloji yeniliklər tətbiq edilib, informasiya infrastrukturu təkmilləşdirilib. Məlumatların təhlükəsizliyinin təmin edilməsi, informasiya bazasının arxivləşdirilməsi üçün xüsusi serverlər, məlumat mübadiləsinin daha səmərəli təşkili məqsədi ilə yeni şəbəkə avadanlıqları alınaraq quraşdırılıb. Mövcud serverlərin daxili qurğuları yenilənərək texniki imkanları artırılıb. Torpaqların elektron uçotunun aparılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi məqsədi ilə xüsusi proqram təminatı hazırlanıb. Yüksək dəqiqlikli geodeziya-ölçü cihazları alınaraq komitə əməkdaşlarının istifadəsinə verilib.
Bildirilib ki, mütərəqqi texnologiyaların imkanlarından yararlanaraq daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, operativliyin artırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi daim diqqətdə saxlanılır. Bu tədbirlərin davamı kimi, daşınmaz əmlakın qeydiyyatı sisteminin proqram təminatı yenilənib, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışların verilməsinə başlanılıb. Komitənin internet saytı müasir tələblər səviyyəsində yenidən hazırlanıb, elektron xidmətlərin göstərilməsi təmin edilib.
Komitənin yenilənmiş internet saytı barədə məlumat verən Komitə Aparatının rəhbəri Nurlan Fətəliyev bildirib ki, sayt Komitənin fəaliyyət istiqamətləri üzrə elektronlaşdırılmış xidmətlərin, tətbiq olunan yeniliklərin daha operativ və dolğun şəkildə istifadəçilərə çatdırılmasını təmin edir. Saytda istifadəçilərin rahatlığını təmin edəcək ən zəruri tələblər nəzərə alınıb, yeni bölmələr əlavə edilməklə funksionallığı və informasiya yükü artırılıb. Muxtar respublikada keçirilən rəsmi tədbirlərin işıqlandırılması təmin edilib, elanlar bölməsi, sorğu guşəsi, faydalı saytlara keçid imkanları yaradılıb. Vətəndaş qəbulu, səyyar xidmətlərin qrafiki, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı yerləşdirilib. Ərizə nömrəsinin daxil edilməsi ilə daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair müraciətin icra vəziyyətinin öyrənilməsi üçün onlayn xidmət istifadəyə verilib.
Qeyd edilib ki, internet saytında daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqını elektron qaydada hesablamaq üçün əmlak kalkulyatoru yerləşdirilib.
Komitənin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov məlumat verib ki, Komitənin internet səhifəsində elektron xidmətlər bölməsinə “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın verilməsi” və “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın yoxlanılması” xidmətləri əlavə edilərək Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına inteqrasiya olunub. Hüquq sahibləri müvafiq xidmətdən istifadə etməklə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışı müəyyən edilmiş müddət ərzində onlayn qaydada əldə edə bilərlər. Həmçinin vətəndaşlar və aid dövlət orqanları üçün portal vasitəsi ilə çıxarışın qeydiyyat nömrəsini və daşınmaz əmlakın reyestr nömrəsini daxil etməklə onun həqiqiliyini yoxlamaq imkanı yaradılıb.
Məlumat verilib ki, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışlar elektron imza ilə imzalanaraq vətəndaşın Elektron Hökumət Portalındakı kabinetinə yerləşdirilir. Şəxsi kabineti olmayan vətəndaşlar isə portalda qeydiyyatdan keçdikdən sonra məlumat bazasında saxlanılan elektron çıxarışlar avtomatik olaraq onların şəxsi kabinetlərinə göndərilir. Elektron imza ilə təsdiq edilmiş çıxarışlar kağız formada tərtib edilən çıxarışlardakı bütün məlumatları özündə əks etdirir və aid olduğu daşınmaz əmlaka dair bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə edilə bilər.
Qeyd edilib ki, elektron çıxarışın tətbiqi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı riskləri aradan qaldırır, ayrı-ayrı dövlət qurumları tərəfindən verilən sorğuların operativ qaydada cavablandırılmasını təmin edir.
Tədbirin sonunda təqdim olunan yeniliklərlə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Baxılıb: 687