DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI SAHƏSİNDƏ YENİLİKLƏR TƏTBİQ OLUNUR
18.12.2019
Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası, torpaqların elektron uçotunun aparılması, vətəndaşların daşınmaz əmlak üzərindəki hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi 2019-cu ilin noyabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.
Ötən ay 12 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar qeydiyyata alınmışdır. Torpaqların elektron uçotunun aparılması məqsədilə Şahbuz rayonunun Şahbuzkənd, Külüs və Nursu kəndlərində, Sədərək rayonunun Heydərabad qəsəbəsində 1782 daşınmaz əmlak obyekti plana alınmışdır. Həmçinin Şahbuz şəhər və Badamlı qəsəbə bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır.
Sədərək rayonunda “Torpaqların elektron uçotunun aparılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Babək rayonunun Sirab kəndində torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dair monitorinqlər davam etdirilmişdir.
Hesabat ayında daşınmaz əmlakın elektron qeydiyyatı sisteminin proqram təminatı yenilənmiş və daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın verilməsi imkanı yaradılmışdır. Komitənin rəsmi internet saytının elektron xidmətlər bölməsinə “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın verilməsi” və “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın yoxlanılması” xidmətləri əlavə edilmişdir.
Noyabr ayında 521 daşınmaz əmlak obyekti qeydiyyata alınmış, 440 texniki sənəd hazırlanmış, yeni yaranmış 22 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 78 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 48 vətəndaşın müraciətinə baxılmış, 53 vətəndaşa elektron xidmətlər göstərilmişdir.
Baxılıb: 637