NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 24 DÖVLƏT ƏMLAKININ SATIŞI ÜZRƏ HƏRRACLAR KEÇİRİLƏCƏK
10.06.2024
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 09 fevral 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Naxçıvan Muxtar Respublikası Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs yaradılmış, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 2024-cü il 01 mart tarixli 79 nömrəli əmri ilə publik hüquqi şəxsin nizamnaməsi təsdiq edilmişdir.
Nizamnaməsinə uyğun olaraq mərkəz dövlət sifarişi əsasında dövlət əmlakının, dövlətə məxsus olan hüquqi şəxslərin, onların bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət nəfinə keçməklə müsadirə olunmuş, xüsusi müsadirə edilmiş əmlakın, üzərinə həbs qoyulmuş dövlət əmlakının, dövlətin xeyrinə imtina edilmiş və dövlət mülkiyyətinə keçirilmiş əmlakın hərraclarda satışını həyata keçirir.
Eyni zamanda mərkəz dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının həyata keçirilməsi, müvafiq müqavilə əsasında fiziki və hüquqi şəxslərin sifarişi ilə daşınar və daşınmaz əmlakların, ipoteka predmetinin və onlar üzərində hüquqların hərrac vasitəsilə satışı sahəsində fəaliyyət göstərir.
Hərracların keçirilməsi sahəsində qarşıya qoyulmuş əsas məqsəd iqtisadiyyatın liberallaşdırılmasına, investisiyaların cəlb olunmasına, sahibkarlığın inkişafına dəstək göstərmək, rəqabət mühitinin formalaşdırılmasını, şəffaflığı təmin etməkdən ibarətdir.
Hərraca çıxarılan əmlaklar barədə elan hərrac gününə ən azı 30 gün qalmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.nakhchivan.az) yerləşdirilir, rəsmi mətbu orqanda bu barədə məlumat dərc olunur. Prosesdə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edərək qeydiyyatdan keçə, əmlakın ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər. Hərrac günü sifarişçilər Hərracların Təşkili Mərkəzinin yerləşdiyi inzibati binaya (Naxçıvan şəhəri, 8-ci küçə 1/5A) gəlməklə, hərracda iştirak etməlidirlər.
Artıq “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 9 iyul və 11 iyul 2024-cü il tarixlərdə hərracların keçirilməsi ilə bağlı prosedurlara başlanılıb. İlk hərracda 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi nəzərdə tutulub. 1999-2010-cu illərdə istehsal olunmuş müxtəlif marka və modelə sahib nəqliyyat vasitələrinin start satış qiymətləri 1000-4200 manat arasında dəyişir.
11 iyul 2024-cü il tarixdə keçiriləcək hərracda isə muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik salonu, bərbərxana, dərzi sexi, ət mağazası) dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsinin satışı həyata keçiriləcək.
“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs hərracın şəffaf və rəqabətli mühitdə keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
Hərraca çıxarılan əmlakların və hərracda iştirakla bağlı tələb olunan sənədlərin tam siyahısı ilə “Şərq qapısı” qəzetinin 8 iyun 2024-cü il tarixli 22 (24.404)-ci sayı və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsi vasitəsi ilə tanış olmaq mümkündür.
Maraqlı şəxslər əlavə məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin “auksion.nmr.az” elektron portalından, “This email address is being protected from spambots. You need JavaScript enabled to view it.” e-mail ünvanından və ya “@nmr_herracmerkezi” instagram hesabından ala bilərlər.
Baxılıb: 185