Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÖTƏN AY ƏRZİNDƏ 642 TEXNİKİ SƏNƏD HAZIRLANIB

ÖTƏN AY ƏRZİNDƏ 642 TEXNİKİ SƏNƏD HAZIRLANIB

04.08.2023

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi iyul ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb.

Şahbuz rayonunun Daylaqlı kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbir iştirakçılarına əkin atlaslarından istifadə edilməklə məhsuldarlığın artırılmasına nail olunması, torpaqlardan səmərəli istifadə yolları və onların mühafizəsi qaydaları haqqında məlumat verilib.

Torpaqların elektron kadastr uçotu informasiya sistemində dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin uçotunun dəqiqləşdirilməsi məqsədilə kənd təsərrüfatı yerləri (uqodiyaları), nəqliyyat, kommunikasiya xətləri, kanal və kollektorlar, mövcud meşə və meşə zolaqlarının əhatə etdiyi ərazilər müəyyənləşdirilib və elektron kadastr xəritəsində uçotu aparılıb. Babək rayon inzibati ərazi vahidini əhatə edən bələdiyyələr üzrə işlər davam etdirilib.

Babək rayonunun Xəlilli kəndində həyətyanı torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi məqsədi ilə planaalma işləri başa çatdırılıb, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranmış hüquqlara dair 530 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.

Ötən ay 990 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 642 texniki sənəd hazırlanıb, yeni yaranmış 55 daşınmaz əmlak obyektinə ünvan verilib, 78 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən 125 müraciət daxil olub, daxil olan müraciətlər qəbul edilərək icra olunub.

6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, Şərur rayonunun Kərimbəyli və Mahmudkənd, Babək rayonunun Payız və Didivar, Ordubad rayonunun Üstüpü və Qoruqlar, Culfa rayonunun Kırna, Şahbuz rayonunun Sələsüz kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.

Baxılıb: 156