BİRİNCİ YARIMİLİN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLİB
31.07.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində birinci yarımildə yerinə yetirilən işlərin müzakirəsi və qarşıya qoyulan vəzifələrin müəyyənləşdirilməsinə dair kollegiya iclası keçirilib. Xidmətin rəisi Müslüm Cabbarzadə iclası açaraq 2023-cü ilin ötən altı ayında görülən işlər barədə məlumat verib.
Xidmətin Şahbuz, Kəngərli və Sədərək rayon şöbələrinin fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair Xidmət Aparatının rəhbəri Ayaz Cabbarovun, Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti haqqında Cəmiyyətin direktoru Cəfər Əliyevin, Naxçıvan Muxtar Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin gücləndirilməsi və torpaqların mühafizəsi sahəsində görülmüş işlər, Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayon inzibati ərazi vahidlərinin xəritə materiallarının, yerquruluşu sənədləri qovluğunun hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı görülmüş işlərlə əlaqədar Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, hüquqların qeydiyyatı ilə bağlı sənədlərin qəbulu, ekspertizası, texniki sənədlərin hazırlanması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və arayışların verilməsi vəziyyəti ilə bağlı Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin çıxışları dinlənilib. Müzakirə olunan məsələlərə dair kollegiyanın qərar layihəsi oxunaraq səsə qoyulub və qəbul edilib.
Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq qarşıdakı dövrdə muxtar respublikanın torpaq fondundan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi, hüquqların dövlət qeydiyyatı ilə bağlı sənədlərin qəbulunu, ekspertizasını və daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı işlərin keyfiyyətlə həyata keçirilməsi, dövlət reyestrinə daxil edilən daşınmaz əmlakların real bazar dəyərinə dair məlumatların toplanması və məlumat bankının formalaşdırılması istiqamətində işlərin davam etdirilməsi, müraciətlərə qanunamüvafiq qaydada operativ baxılmasına və texniki sənədlərin düzgün tərtib olunmasına diqqətin artırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Baxılıb: 182