“BƏLƏDİYYƏ TORPAQLARININ İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
27.07.2023
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin birgə təşkilatçılığı ilə Qaraçuq kəndində Naxçıvan şəhərində fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvləri üçün seminar keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Nail Əliyev bələdiyyələrdə işin səmərəli qurulması məqsədilə görülən tədbirlər və keçirilən maarifləndirici seminarın əhəmiyyəti barədə məlumat verib.
Digər çıxış edənlər diqqətə çatdırıb ki, bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli və təyinatı üzrə istifadə olunması bu sahədə müsbət nəticələrin əldə olunmasına zəmin yaradır. Həmin məsələlər aidiyyəti dövlət qurumları tərəfindən diqqətdə saxlanılır və maarifləndirmə tədbirləri həyata keçirilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin nəticələri göstərir ki, torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı torpaq münasibətlərini tənzimləyən normativ hüquqi aktların tələblərinə tam şəkildə əməl edilmir. Bu baxımdan bələdiyyələrin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun qurulmalıdır. Müvafiq tələblərlə bağlı qanunvericiliyin müddəaları tədbir iştirakçılarına hərtərəfli izah olunub.
Həmçinin, seminar iştirakçıları “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi” və digər mövzularla bağlı ətraflı məlumatlandırılıblar.
Mövzu ilə bağlı bələdiyyə sədrləri və üzvlərinin suallarına da aydınlıq gətirilib, metodiki vəsaitlər təqdim edilib.
Baxılıb: 157