KOMİTƏ ƏMƏKDAŞLARI NAXÇIVAN DÖVLƏT RƏSM QALEREYASINDA OLUB
02.09.2019
Avqustun 31-də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin və Komitənin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun kollektivləri “muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Rəsm Qalereyasını ziyarət ediblər.
Məlumat verilib ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qalereyanın fondunda 70-dən çox rəssamın 400-ə yaxın əl işi mühafizə olunur. Ekspozisiya zalında birinci guşə ümummilli liderimiz Heydər Əliyevə həsr olunub. İkinci guşədə tarix-mədəniyyət abidələrinə, üçüncü guşədə isə muxtar respublikamızın füsunkar təbiət gözəlliklərinə həsr olunmuş əsərlər sərgilənir.
Bildirilib ki, qalereyada 2012-ci ildən başlayaraq Naxçıvanda keçirilən “Naxçıvan - bəşəriyyətin beşiyi” adlı beynəlxalq rəsm festivallarında iştirak edən xarici ölkə rəssamlarının hədiyyə etdikləri əsərlər də yer alıb. Ekspozisiyanın sonunda isə ötən əsrdə muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində toxunmuş xalçalar ziyarətçilərə təqdim olunur.
Həmin gün Komitə əməkdaşları Miniatür Kitab Muzeyinin Naxçıvan filialında sərgilənən kitablarla da tanış olublar. Qeyd edilib ki, dünyada ilk dəfə Miniatür Kitab Muzeyi ümummilli lider Heydər Əliyevin qayğısı ilə 2002-ci ilin aprel ayında Bakıda açılıb. 2014-cü ilin dekabrında isə muzeyin Naxçıvanda filialı yaradılıb. Hazırda filialda mindən çox miniatür kitab nümayiş olunur.
Baxılıb: 1994