Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ÜNVAN REYESTRİNİN APARILMASI İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

ÜNVAN REYESTRİNİN APARILMASI İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

 31.08.2019

    Avqustun 31-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində “Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestrinin aparılması” mövzusunda qısamüddətli təlim keçirilib. Tədbiri Komitənin sədri Müslüm Cabbarzadə açıb. Komitə əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə vaxtaşırı təlim və treninqlərin təşkil olunduğunu qeyd edən Komitə sədri rayon (şəhər) idarələrinin əməkdaşları üçün keçirilən bu təlimin ünvan reyestrinin aparılması sahəsində biliklərinin daha da təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb.

   Komitənin Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyev ünvan reystrinin aparılması sahəsində Komitənin rayon (şəhər) idarələrinin qarşısında duran vəzifələrlə bağlı məlumat verib.

   Ünvan reyestrinin aparılması sektorunun müdiri Ruslan Həsənov daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestrinin aparılması ilə bağlı əyani vasitələrlə təlim iştirakçılarına geniş məlumat verib. Nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini, ünvan nömrələrinin verilməsi zamanı əsas prinsiplər, bir ünvan nömrəsi almış torpaq sahəsi üzərində birdən çox girişi olan binanın tikildiyi hallarda girişlərin nömrələnməsi, nizamsız düzülmüş binaların nömrələnməsi, ünvan lövhələrinin quraşdırılmasına qoyulan tələblər nümunələrlə təlim iştirakçılarının diqqətinə çatdırılıb.

   Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, əməkdaşların sualları cavablandırılıb.

Baxılıb: 1415