ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ “YAY MƏKTƏBİ” BAŞA ÇATIB
14.07.2023
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində Xidmətin hamiliyinə verilmiş “Yerquruluşu və daşınmaz əmlakın kadastrı”, “Torpaqşünaslıq və aqrokimya” ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunmuş “Yay məktəbi” başa çatıb.
“Yay məktəbi”nin birinci gün açılış mərasimi keçirildikdən sonra iştirakçılar mərkəzdə yaradılan hərtərəfli şəraitlə tanış olublar. Hamiliyə verilən tələbələrin müvafiq sahə ilə bağlı bilik səviyyələrini artırmaq məqsədilə daşınmaz əmlakın qeydiyyatı, inventarlaşdırılması, göstərilən xidmətlər zamanı istifadə olunan xüsusi proqramlar barədə ətraflı məlumat verilib. Həmçinin, tələbələr daşınmaz əmlakın inventarlaşdırılması ilə bağlı qrup işlərinə də cəlb olunub, ərazidə cihazlar vasitəsilə plan və ölçü aparıblar. Günün davamında iştirakçılar üçün Ümummilli Lider Heydər Əliyevdən bəhs edən “Xalqın adamı” sənədli filmi nümayiş olunub.
“Yay məktəbi”nin ikinci günündə isə tələbələr müasir geodeziya avadanlıqları və onların iş prinsipi ilə tanış olub, cihazlarla ölçmə işlərinin yerinə yetirilməsi, ölçü materiallarının emalı, xəritələrin hazırlanması ilə bağlı təlimlərdə iştirak edib, qrup işlərində fəallıq göstəriblər. Yerquruluşu, daşınmaz əmlakın kadastrı, torpaqşünaslıq üzrə ali təhsil alan tələbələr təhsil ocağında əldə etdikləri nəzəri bilikləri “Yay məktəbi”ndə iştirak edərək məşğələlər və komanda işləri ilə praktiki olaraq həyata keçirib, əlavə təcrübə qazanıblar.
Sonda “Yay məktəbi”nin iştirakçıları olan və fəallıq göstərən hər bir tələbəyə Xidmət tərəfindən təşəkkürnamələr təqdim olunub.
Baxılıb: 187