ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ “YAY MƏKTƏBİ”NƏ START VERİLİB
13.07.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq istirahət mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Xidmətin hamiliyinə verilmiş “Yerquruluşu və daşınmaz əmlakın kadastrı”, “Torpaqşünaslıq və aqrokimya” ixtisaslarında təhsil alan tələbələrin “Yay məktəbi”nə start verilib.
Açılış mərasimində Xidmət rəisinin müavini Nurlan Fətəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə əmlak və torpaq idarəçiliyinin inkişafı sahəsindəki əvəzsiz xidmətlərindən bəhs edib. Xidmətin hamiliyinə verilmiş ixtisaslarda kadr hazırlığına dəstək istiqamətində görülmüş işlər qeyd olunub, tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşmasında təşkil olunmuş “Yay məktəbi”nin əhəmiyyəti vurğulanıb.
Naxçıvan Dövlət Universitetinin prorektoru Arzu Abdullayev Ümummilli Liderimizin gəncliyə diqqət və qayğısından danışıb, keçirilən “Yay məktəbi”nin tələbələrin bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verəcəyini qeyd edib.
İki gün müddətində davam edəcək “Yay məktəbi”nin birinci günündə daşınmaz əmlakın inventarlaşdırılması və qeydiyyatı, plan və xəritələrin hazırlanması ilə bağlı məşğələlər keçiriləcək, praktiki vərdişlərin artırılması məqsədilə komanda yarışları təşkil olunacaqdır.
“Yay məktəbi”nin ikinci günündə isə müasir geodeziya avadanlıqları ilə ölçmə işlərinin yerinə yetirilməsi, ölçü materiallarının emalı, xəritələrin hazırlanması ilə bağlı təlimlərin və qrup işlərinin təşkili nəzərdə tutulub.
Baxılıb: 273