ÖTƏN AY 765 DAŞINMAZ ƏMLAK OBYEKTİ QEYDİYYATA ALINIB
06.07.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı iyun ayı ərzində davam etdirilib, torpaqlardan təyinatına uyğun və səmərəli istifadə edilməsinə nəzarət diqqətdə saxlanılıb.
Ay ərzində daxil olan müraciətlər əsasında ümumilikdə 765 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 534 texniki sənəd hazırlanıb. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 37 daşınmaz əmlak obyektinə ünvan verilib. Məhdudiyyət və yüklülüyə dair 242 arayış vətəndaşlara təqdim edilib, elektron informasiya sistemi vasitəsilə 677 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat notariat ofislərinə göndərilib.
Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 119 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Həmçinin, “ASAN xidmət” Mərkəzində müvafiq xidmət növləri üzrə ümumilikdə 405 vətəndaş müraciəti qəbul edilib.
Kəngərli rayonunun Çalxanqala kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Ötən ay ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 870 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 3 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.
Qrafik üzrə təşkil olunan səyyar xidmətlər zamanı Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarının bir sıra yaşayış məntəqələrində vətəndaşlar qəbul edilib.
Baxılıb: 179