ŞAHBUZ RAYONUNDA BƏLƏDİYYƏ QULLUQÇULARI MAARİFLƏNDİRİLİB
22.06.2023
“Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusunda keçirilən maarifləndirici seminar növbəti dəfə Şahbuz rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçuları üçün təşkil olunub .
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Şahbuz Rayon İcra Hakimiyyətinin və digər aid qurumların birgə təşkilatçılğı ilə keçirilən seminarı rayon İcra Hakimiyyətinin şöbə müdiri Söhrab Kərimov açaraq bələdiyyə torpaqlarının səmərəli idarə olunmasının əhəmiyyəti və perspektivləri barədə məlumat verib.
Aid qurumların əməkdaşları bələdiyyə üzvləri ilə maarifləndirici söhbətlər aparıb, “Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılmasının qaydaları”, “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi”, “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı hərracların keçirilməsi qaydaları” və digər məsələlərlə bağlı qanunvericilikdən irəli gələn əsas məqamları diqqətə çatdırıblar.
Seminarda iştirakçıların bələdiyyə torpaqlarının mülkiyyətə ayrılması, torpaqların təyinatına uyğun olaraq bazar qiyməti nəzəra alınmaqla satılması, icarə zamanı ərizəçi ilə bələdiyyə arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılması ilə bağlı suallarına da aydınlıq gətirilib.
Sonda bələdiyyə sədrlərinə və qulluqçulara mövzu ilə bağlı metodiki vəsaitlər təqdim edilib.
Baxılıb: 178