Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CULFA RAYONUNDA BƏLƏDİYYƏ ÜZVLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLİB

CULFA RAYONUNDA BƏLƏDİYYƏ ÜZVLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLİB

13.06.2023

Rayonun bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə keçirilən seminarda “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusuna toxunulub, məsələ ilə bağlı maarifləndirmə aparılıb. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və digər aidiyyəti qurumların birgə təşkil etdiyi tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri İlqar Novruzov bələdiyyə torpaqlarının səmərəli idarə olunmasının perspektivlərindən danışıb.

Aid qurumların əməkdaşları təşkil olunan maarifləndirici seminarın əsas mahiyyətini diqqətə çatdırıb, bələdiyyə mülkiyyətindəki torpaqlardan təyinatına uyğun, səmərəli, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə istifadə olunması, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan bu kateqoriya torpaqların mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi barədə ətraflı məlumat veriblər.

Seminarda torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi, torpaqların təyinatına uyğun olaraq bazar qiyməti nəzəra alınmaqla satılması, alqı-satqı müqaviləsinin bağlanılması və digər vacib məsələlərə aydınlıq gətirilib.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici metodiki vəsaitlər təqdim edilib.

Baxılıb: 90