Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ŞƏRUR RAYONUNDA BƏLƏDİYYƏ SƏDRLƏRİ ÜÇÜN MAARİFLƏNDİRİCİ SEMİNAR KEÇİRİLİB

ŞƏRUR RAYONUNDA BƏLƏDİYYƏ SƏDRLƏRİ ÜÇÜN MAARİFLƏNDİRİCİ SEMİNAR KEÇİRİLİB

06.06.2023

Rayonun bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə keçirilən maarifləndirici seminar “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusuna həsr olunub.

Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sahib Qurbanov seminarı giriş sözü ilə açaraq maarifləndirici tədbirin əhəmiyyətindən danışıb, bələdiyyə orqanlarında işin səmərəli qurulması istiqamətində görüləcək işlərdən bəhs edib.

Seminarda aid təşkilatların nümayəndələri çıxış edərək torpaqlardan, o cümlədən bələdiyyə torpaqlarından təyinatına uyğun istifadə olunması,  bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində qanunvericilikdə nəzərdə tutulan əsas məqamları diqqətə çatdırıblar. Bildirib ki, bələdiyyə mülkiyyətinə aid torpaqları mülkiyyətə və ya icarəyə vermək hüququ yerli özünüidarəetmə orqanlarının səlahiyyətinə aiddir.

Təşkil olunan tədbirdə “Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları, bələdiyyələrin bu sahədə hüquq və vəzifələri”, “Torpaqayırma sənədlərinin hazırlanması və bələdiyyə tərəfindən xüsusi mülkiyyətə ayrılan torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi” və digər mövzulara toxunulub, mövzular ətrafında müzakirələr aparılıb.

Sonda bələdiyyə sədrlərinə metodiki vəsaitlər təqdim edilib, verilən suallara aydınlıq gətirilib. 

Qeyd edək ki, seminar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Şərur Rayon İcra Hakimiyyətinin və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Baxılıb: 194