XİDMƏTİN ƏMƏKDAŞLARI NÖVBƏTİ TƏLİMƏ CƏLB OLUNUB
01.06.2023
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində təşkil olunan təlimdə Xidmətin aparatının, şəhər, rayon idarə və şöbələrinin əməkdaşları, həmçinin Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları iştirak edib.
Təlimdən əvvəl çıxış edən Xidmətin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov iştirakçılara təlimin keçirilməsində əsas məqsədi diqqətə çatdırıb.
“Daxili Sənəd Dövriyyəsi Sistemindən istifadə qaydaları” mövzusuna həsr olunan təlimdə Xidmətin əməkdaşı Mətləb Hüseynli 2017-ci ildən fəaliyyət göstərən və 2022-ci ildə daha da təkmilləşdirilən avtomatlaşdırılmış sistemdən düzgün istifadə qaydaları barədə ətraflı danışıb. Məlumat verilib ki, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin nəzarətində fəaliyyət göstərən və bir sıra üstünlüklərə malik olan Daxili Sənəd Dövriyyəsi Sistemi işçilər arasında əlaqəni, sənədlərin qəbul edilməsi və göndərilməsi prosesini olduqca asanlaşdırıb, sənədlərin dövriyyəsində əlavə vaxt itkisinin qarşısını alıb.
Sistem üçün xüsusi server ayrılıb ki, bununla da bütün göndərilən və qəbul edilən sənədlərin uzun müddət yaddaşda saxlanılması təmin edilir. Həmçinin sistem vasitəsilə bütün növ fayllar və iri həcmli fayllar göndərilə və ya qəbul edilə bilər.
Sonda təlimə cəlb olunan əməkdaşları maraqlandıran suallara da aydınlıq gətirilib.
Baxılıb: 172