Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN İSTİFADƏ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB

TORPAQLARDAN İSTİFADƏ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB

12.06.2018

    Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində muxtar respublikada torpaqlardan səmərəli və təyinatına uyğun istifadə vəziyyəti müzakirə edilib.
    Komitənin sədri Müslüm Cabbarzadə qeyd edib ki, muxtar respublikamızda bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən ümdə vəzifədir. Vurğulanıb ki, kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, həyata keçirilən tədbirlərə baxmayaraq torpaqlardan təyinatı üzrə istifadə edilməməsi, özbaşına tikililərin aparılması, eləcə də torpaqların mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsi hallarına hələ də rast gəlinir. Belə hallara yol verilməməsi üçün torpaq müfəttişləri torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti daha da gücləndirməli, torpaq sahələrindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə, torpaqlardan təsərrüfatsızcasına istifadə, torpaqların zibillənməsi və korlanması, əkin yerinin yandırılması, mərz nişanlarının məhv edilməsi hallarına qarşı qanuni tədbirlər görülməlidir.

    Komitənin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev bildirib ki, 2018-ci ildə aparılmış monitorinqlər zamanı Naxçıvan şəhəri üzrə 4, Şərur rayonu üzrə 19, Babək rayonu üzrə 6, Ordubad rayonu üzrə 23, Culfa rayonu üzrə 2, Şahbuz rayonu üzrə 13, Kəngərli rayonu üzrə 11 fakt olmaqla, muxtar respublika üzrə torpaqlardan qanunsuz istifadə ilə bağlı 78 fakt aşkar edilib. Naxçıvan şəhəri, Şərur, Babək, Culfa və Şahbuz rayonları üzrə aşkar edilmiş bütün qanun pozuntuları qanunvericiliyin tələbinə uyğunaradan qaldırılıb. Ordubad rayonu üzrə 23 faktdan 17-si aradan qaldırılıb, 6 vətəndaşa xəbərdarlıq edilib. Kəngərli rayonunda torpaqlardan qanunsuz istifadə ilə bağlı 10 fakt aradan qaldırılıb, 1 vətəndaşa xəbərdarlıq olunub.
    Mövzu ilə əlaqədar Komitənin Yerquruluşu, torpaq ehtiyatlarından istifadə və geodeziya, xəritəçəkmə işləri sektorunun müdiri Oqtay Məmmədovun və həmin sektorun baş məsləhətçisi Xəlil Axundovun çıxışları dinlənilib.
    Sonda torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Baxılıb: 706