TORPAQLARIN ELEKTRON KADASTR UÇOTU İNFORMASİYA SİSTEMİNİN PROQRAM TƏMİNATININ HAZIRLANMASI İSTİQAMƏTİNDƏ İŞLƏR DAVAM ETDİRİLİR
02.06.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir.
Fərmandan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq davam etdirilir.
Yeni yaradılacaq sistem torpaqların uçotunun müasir tələblərə uyğun aparılmasına, məkan məlumatları infrastrukturunun formalaşmasına, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə zəmin yaradır. Məqsəd təyinatından və mülkiyyət növündən asılı olmayaraq muxtar respublika üzrə bütün kateqoriyalı torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sisteminin və mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdir.
Tədbirlər planına uyğun olaraq sistemə daxil ediləcək məlumatların strukturu öyrənilmiş, məlumatların daxil edilməsi modeli hazırlanmış, proqram təminatının yaradılmasına başlanılmışdır. Komitənin elektron məlumat bazasında olan informasiyaların yeni sistemə miqrasiya edilməsi, məlumatların məlumat modelinin tələblərinə uyğun hazırlanması məqsədilə proqram təminatını hazırlayan icraçı tərəfə mövcud məlumatlardan nümunələr təqdim olunmuşdur. Hazırda torpaqların elektron kadastr uçotu informasiya sisteminin fəaliyyətini təmin edəcək proqram təminatının yaradılması işi davam etdirilir. Artıq icraçı şirkət tərəfindən sistemin ilkin layihəsi hazırlanaraq baxılması üçün komitəyə təqdim olunmuşdur.
Məlumatların yaradılacaq sistemə miqrasiya edilməsi məqsədilə aid mütəxəssislərlə birlikdə muxtar respublika üzrə vətəndaşların qanuni istifadəsində olan və torpaq islahatı zamanı onların mülkiyyətinə verilmiş torpaq sahələrinə və onların mülkiyyətçilərinə dair məlumatlar sistemləşdirilərək vahid formada yığılmışdır. Muxtar respublikanın inzibati ərazi bölgüsünün təsnifatı statistik kodlar üzrə məlumat bazası formasında hazırlanmışdır. Yaradılacaq sistemin daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunması üçün dövlət reyestrində olan məlumatların elektron arxivi çıxarılmış, prosesin avtomatlaşdırılması məqsədilə sınaqlar aparılmışdır. Məlumatların miqrasiya olunması üçün məlumat bazasından və proqram əlavəsindən ibarət sistem hazırlanmışdır. Hazırlanmış proqram əlavəsinin iş prinsipinə komitənin mütəxəssislərinin iştirakı ilə əyani baxış keçirilmişdir.
Proqram əlavəsi vasitəsilə reyestr xəritələrində olan kadastr və reyestr nömrələri əldə olunur. Əldə olunmuş reyestr və kadastr nömrələri coğrafi informasiya sistemi layına köçürülür. Miqrasiya zamanı torpaq sahələri atribut qiymətlərinə görə seçilərək zəruri düzəlişlər edilir. Torpaq sahəsi üzərində tikililər mövcuddursa, həmin obyektlər seçilərək ayrıca lay kimi saxlanılır. Miqrasiya olunmuş torpaq sahələrinin atributlarına müvafiq ərazinin statistik kodu, mülkiyyətçilər haqqında məlumatlar, torpağın keyfiyyət göstəriciləri, torpaqla bağlı dövlət kadastrında saxlanılan məlumatlar və daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair məlumatlar əlavə olunur. Son mərhələdə hazır məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi üçün saxlanılır.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işinin başa çatdırılması torpaqların hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasındakı mövcud olan uyğunsuzluqları aradan qaldırmağa imkan verəcəkdir. Bununla yanaşı, torpaqların səmərəli idarə olunması, kadastr uçot işlərinin aparılması, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması işləri təkmilləşdiriləcək, torpaq idarəçiliyində daha mütərəqqi idarəetmə metodları və müasir mexanizmlərin tətbiqinə şərait yaranacaqdır.