BABƏK RAYONUNDA ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
17.02.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonunda daşınmaz əmlak və torpaq məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Seyidov daşınmaz əmlak obyektlərinin dövlət qeydiyyatına alınmasının əhəmiyyətindən və bu sahədə Babək rayonu üzrə görülən işlərdən bəhs edib.
Tədbirdə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadə edilməsinin və bələdiyyə torpaqlarının sənədləşdirilməsinin qanunvericiliyə uyğun olaraq aparılması qaydaları barədə” çıxış edib. Bildirilib ki, bələdiyyə mülkiyyətində olan torpaqlar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq mülkiyyətə, istifadəyə və ya icarəyə verilir.
Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı məsələləri, torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi zamanı müvafiq qanunvericiliyin tələbləri, torpaqla bağlı əqdlərin rəsmiləşdirilməsi və digər məsələlər barədə də rayon sakinlərinə ətraflı məlumat verilib.
“Daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatına alınması qaydaları barədə” Xidmətin sektor müdiri Hikmət Orucov bu sahəni tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulan tələblər haqqında iştirakçılara məlumat verərək bildirib ki, daşınmaz əmlak üzərində hər hansı əməliyyatın aparılması üçün ilkin olaraq daşınmaz əmlaka olan hüquqların dövlət reyestrində qeydiyyatı tələb olunur. Qeydiyyat isə hüquq əldə edənin və ya onun vəkil etdiyi şəxsin ərizəsi əsasında həyata keçirilir və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış formalaşdırılır.
Sakinlərə əmlak üzərində sahiblik, istifadə və yeni yaranan daşınmaz əmlaka dair mülkiyyət hüquqları izah olunub. Hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları və daşınmaz əmlakın qeydiyyatı üçün zəruri olan sənədlər ilə bağlı məlumatlar verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Baxılıb: 380
