BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİNİN İNŞASI ÜÇÜN ƏRAZİLƏRİN SEÇİLMƏSİ MÜZAKİRƏ OLUNUB
15.02.2023
Naxçıvan Muxtar Respublikası üzrə bərpa olunan enerji mənbələrinin inşası üçün təklif olunan ərazilərin müzakirəsi ilə bağlı Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən tədbirdə Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbər şəxsləri və icraçı şirkətlərdən ibarət nümayəndə heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə bildirib ki, muxtar respublikada yeni enerji layihələrinin reallaşdırılması və ixrac potensialının genişləndirilməsi qarşıda duran prioritet məsələlərdəndir. Ölkə Prezidentinin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində Naxçıvanda yeni elektrik stansiyalarının qurulması işi davamlı həyata keçirilir. Bərpa olunan enerji stansiyalarının tikintisi üçün uyğun ərazilər Xidmət tərəfindən araşdırılır və aidiyyəti qurumlara təklif olunur.
Xidmət rəisi qeyd edib ki, muxtar respublika ərazisində mövcud torpaq fondunun 32 %-ni kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir. Yararlı topaq sahələrinin az olmasını nəzərə alaraq, belə layihələrin kənd təsərrüfatına yararsız ərazilərdə reallaşdırılması diqqətdə saxlanılır.
Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev qeyd edib ki, Naxçıvanda “Yaşıl enerji” layihələrinə, muxtar respublika üzərindən ixrac məsələlərinə diqqət artırılıb. Bunu Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə fevralın 8-də Naxçıvanda keçirilən rəsmi görüşlər bir daha təsdiqlədi. Həmin görüşdə yeni enerji layihələri üzrə perspektivlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, konkret təkliflər verilmişdir. Həmin təkliflərlə əlaqədar keçirilən müzakirədə qarşılıqlı fikir mübadiləsi aparılacaq və Naxçıvan Muxtar Respublikası üzrə bərpa olunan enerji mənbələrinin inşası üçün təklif olunan ərazilərin planına uyğun olaraq yeni layihələr reallaşacaq.
Müzakirə zamanı Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin şöbə müdiri İntizar Həziyev Naxçıvan Muxtar Respublikası üzrə xəritə üzərində yeni enerji mənbələrinin qurulması üçün mümkün olan əraziləri təqdim edib.
Bildirilib ki, həmin ərazilər Dövlət Energetika Xidmətinin əməkdaşları ilə birgə araşdırılıb və naturada baxış keçirilib.
Tədbirdə iştirakçıların müzakirələrlə bağlı fikirləri dinlənilib, verilən suallara aydınlıq gətirilib.
Sonra muxtar respublikada qurulması planlaşdırılan enerji mənbələri üçün təklif edilən ərazilərə yerində baxış keçirilib.
Baxılıb: 239