ƏMLAK VƏ TORPAQ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜRACİƏTLƏR OPERATİV CAVABLANDIRILIR
14.02.2023
Daşınmaz əmlakın qeydiyyatı sahəsində keçirilən məqsədyönlü tədbirlər nəticəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti yüksəlib və sakinlərin rahatlığının təmin edilməsinə nail olunub.
Ötən ay ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən sakinlərə göstərilən xidmətlər mütəşəkkil həyata keçirilib, operativlik təmin edilib. Texniki sənədlərin hazırlanması məqsədilə vətəndaşlar tərəfindən idarəyə ünvanlanan 86 müraciətə əsasən 36 fərdi yaşayış evinin, 12 mənzilin, 1 qeyri-yaşayış sahəsinin, ümumilikdə, 49 daşınmaz əmlak obyektinin texniki pasportu və 37 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Texniki sənədlər hazırlanarkən 10 müayinə aktı, 17 bölgü planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.
Daşınmaz əmlakın qiymətləndirilməsi də diqqətdə saxlanılıb. 4 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb. Şifahi müraciət əsasında vətəndaşların əmlakına yerində baxış keçirilərək qanunvericiliyin tələbləri izah olunub.
Naxçıvan şəhəri ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Baxılıb: 209